AZ

Mədəniyyət Nazirliyində Qırğızıstan nümayəndə heyəti ilə görüş olub

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Qırğızıstan nümayəndə heyəti ilə görüşüb.

Bu barədə "Report"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Qırğızıstanın dövlət katibi Arslan Koyçiyev, mədəniyyət, informasiya və gənclər siyasəti naziri Mirbek Mambetaliyev və başqa şəxslərdən ibarət nümayəndə heyəti dünyaşöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 100 illik yubiley tədbirləri çərçivəsində Toktokul Satılqanov adına Qırğız Milli Filarmoniyası tərəfindən hazırlanan "Cəmilə" müziklinin təqdimatı münasibətilə Azərbaycana gəlib.

Qonaqları salamlayan Adil Kərimli bildirib ki, Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə, o cümlədən mədəni əlaqələr Prezident İlham Əliyev və Sadır Japarovun rəhbərliyi altında ildən-ilə inkişaf edir. Qeyd olunub ki, son illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi, bədii kollektivlərin səfərləri və müxtəlif sənət layihələri əməkdaşlığı daha da möhkəmləndirir.

Bildirilib ki, Çingiz Aytmatovun 100 illik yubileyi Türk dünyasında, o cümlədən Azərbaycanda geniş qeyd olunur. Görkəmli yazıçı bütün insanlığı düşündürən dəyərli əsərlər qələmə alıb və onun irsi əbədi yaşayacaq.

Səmimi qəbula görə təşəkkür edən Qırğızıstanın dövlət katibi Arslan Koyçiyev iki ölkə arasında mədəni əlaqələrin müxtəlif sahələr üzrə inkişafında maraqlı olduqlarını deyib.

Seçilən
19
8
far.az

9Mənbələr