Xəbər verdiyimiz kimi, Azərbaycan klubları içində “Qarabağ” dünya klublarının reytinq cədvəlində ən yüksək göstəriciyə malik olmaqda davam edir. Ağdam təmsilçisi son cədvəllə müqayisədə bir pillə irəliləyərək 181-ci yerə yüksəlib.
“Qarabağ”la yanaşı, “Sabah”, “Turan Tovuz”, “Neftçi”, “Şamaxı”, “İmişli” və “Karvan-Yevlax”da da irəliləyiş müşahidə olunub. Xüsusən də yevlaxlılar 156 pilləlik sıçrayışla diqqət çəkiblər. Digər debütant “İmişli” isə 88 komandanı qabaqlayıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan idman eksperti Kənan Məstəliyev bildirdi ki, bu irəliləyişlər yalançı, aldadıcı irəliləyişlərdir:
"Azərbaycanın bəzi futbol klublarının, xüsusilə "İmişli" və "Karvan"ın dünya klub sıralamasında bir neçə pillə irəliləməsi mahiyyət etibarilə aldadıcı və nisbi xarakter daşıyır. Bu sıçrayışları real inkişaf göstəricisi kimi qəbul etmək doğru olmazdı. Çünki hər iki komandanın reytinqdə irəli getməsinin yeganə səbəbi son turlarda əldə etdikləri cəmi bir qələbədir. Nəzərə almaq lazımdır ki, həm "İmişli", həm də "Karvan" təxminən dörd ay davam edən uzunmüddətli bir uğursuzluq seriyası ilə üz-üzə idilər. "İmişli"nin "Qəbələ", "Karvan"ın isə "Kəpəz" üzərindəki son qələbələri sadəcə xal ehtiyatını cüzi artırıb".
Ekspertin sözlərinə görə, digər ölkələrin zəif komandalarının hələ də uğursuz nəticələr göstərməyə davam etməsi bizim klubların bu tək qələbə sayəsində süni şəkildə önə çıxmasına şərait yaradıb.
"Ümumi mənzərəyə baxdıqda, Azərbaycanda dünya reytinqi və beynəlxalq səviyyədə həqiqi uğurlu çıxış yalnız "Qarabağ" klubuna məxsusdur. Son dövrlərdə "Neftçi" və xüsusilə "Sabah"ın çıxışlarında müəyyən müsbət tendensiyalar və irəliləyişlər müşahidə olunsa da, digər komandalar hələlik turnir cədvəlində və reytinq cədvəllərində sadəcə statistika rolunu oynayırlar. Bu səbəbdən, qeyri-sabit çıxış edən klubların təsadüfi qələbələr nəticəsində əldə etdikləri reytinq irəliləyişləri ciddi bir inkişaf faktoru kimi qiymətləndirilməməlidir".
Xədicə BAXIŞLI