Tbilisi, 16 aprel, AZƏRTAC
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən cüdo üzrə böyüklər arasında Avropa çempionatının ilk günü başa çatıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin tatamiyə çıxan 7 cüdoçusundan 4-ü bürünc medal uğrunda görüşdə mübarizə aparıb.
60 kiloqram çəkidə Əhməd Yusifov komanda yoldaşı Balabəy Ağayevi, 66 kiloqramda isə Turan Bayramov Rusiya təmsilçisi Abdullah Parçiyevi üstələyərək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.
Şəfəq Həmidova (48 kiloqram) isə ispaniyalı Laura Martinesə uduzaraq yarışı mükafatsız başa vurub.
Daha əvvəl Könül Əliyeva (48 kiloqram), Gültac Məmmədəliyeva və Leyla Əliyeva (hər ikisi 52 kiloqram) turnirlə vidalaşıblar.
Qeyd edək ki, Azərbaycan aprelin 19-dək davam edəcək mötəbər turnirdə 9 kişi və 6 qadın olmaqla 15 cüdoçu ilə təmsil olunur.
Müxbir - Aynur Əlixanlı