AZ

Azərbaycanda tələbələr yalnız təhsil aldıqları müəssisələrdə işləyəcəklər? – YENİ MODEL

Azərbaycanda tələbələrin yalnız təhsil aldıqları müəssisə daxilində işləməsinə icazə verilməsi modeli son illər müxtəlif ölkələrdə tətbiq edilən uğurlu təcrübələr fonunda müzakirə mövzusuna çevrilib. Bu yanaşmanın həm təhsil prosesinə, həm də tələbələrin gələcək karyera imkanlarına necə təsir göstərə biləcəyi isə aktuallığını qoruyur.

Bəs belə bir modelin tətbiqi ölkəmizdə nə dərəcədə realdır və təhsil keyfiyyətinə hansı təsirləri ola bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, bu prinsipin tətbiqi üçün ilk növbədə ali təhsil müəssisələrində tələbələrə geniş təcrübə imkanlarının yaradılması vacibdir.

Əlaqə

Ekspertin sözlərinə görə, hazırda Azərbaycanda fəaliyyət göstərən bütün ali məktəbləri tam mənada kampus tipli təhsil müəssisəsi hesab etmək mümkün deyil:

“Ölkəmizdə tələbələrin təcrübə keçmək imkanları genişləndirildikdən sonra bu prinsipi tətbiq etmək mümkündür. Hal-hazırda çox ali məktəb var ki, onları kampus hesab etmək olmur. Kampus tipli ali təhsil müəssisələrində tələbələrin istehsalat təcrübəsi keçmək imkanları daha genişdir. Eyni zamanda, tələbələr bu təcrübələri tamamladıqdan sonra əmək fəaliyyətinə başlamaq imkanı da əldə edirlər. Bu isə onların peşəkar inkişafı üçün ciddi üstünlüklər yaradır”.

Elçin Əfəndi hesab edir ki, sözügedən modelin tətbiqi həm təhsil keyfiyyətinin yüksəlməsinə, həm də əmək bazarına daha hazırlıqlı kadrların çıxarılmasına səbəb ola bilər:

“Bir çox ali təhsil müəssisəsində bu prinsipi tətbiq etməklə təhsilin keyfiyyətinə mühüm töhfə vermək mümkündür. Bu yanaşma dərs prosesinin keyfiyyətini artırmaqla yanaşı, tələbələrin praktiki biliklərinin güclənməsinə də şərait yaradır. Nəticədə əmək bazarına daha ixtisaslı kadrlar çıxır və ali təhsil müəssisələrinin ümumi inkişafı təmin olunur”.

Ekspert əlavə edib ki, bu amil ali məktəblərin beynəlxalq reytinqlərdə mövqeyinə də müsbət təsir göstərə bilər:

“Ali təhsil müəssisələrinin qiymətləndirilməsi zamanı nəzərə alınan əsas göstəricilərdən biri də məzunların məşğulluq səviyyəsidir. Tələbələrin təhsil müddətində əmək fəaliyyətinə cəlb olunması bu göstəriciyə birbaşa təsir edir. Bu baxımdan, belə bir modelin tətbiqi universitetlərimizin dünya reytinqlərində irəliləməsinə də səbəb olacaq”.

Qeyd edək ki, ekspert bu modelin effektiv tətbiqi üçün ali təhsil infrastrukturunun inkişaf etdirilməsini, xüsusilə kampus tipli universitetlərin sayının artırılmasını vacib hesab edir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
31
1
konkret.az

2Mənbələr