AZ

Məktəblərdəki silahlı hücumların ŞOK SƏBƏBLƏRİ: Görün niyə baş verir…

Son dövrlərdə Türkiyədə məktəblərdə baş verən silahlı hücum hadisələri ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Bu cür hadisələrin sayında artımın müşahidə olunması yalnız təhlükəsizlik məsələsi kimi deyil, həm də sosial və psixoloji problemlərin göstəricisi kimi qiymətləndirilir.

Bəs bu cür zorakı davranışların arxasında hansı amillər dayanır?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən psixoloq Dilruba Həsənova bildirib ki, konkret olaraq Türkiyə ilə bağlı dəqiq fikir söyləmək çətindir:

“Məktəblərdə baş verən zorakı davranışların kökündə bir sıra psixoloji və sosial səbəblər dayanır.

İlk növbədə azyaşlıların psixoloji vəziyyəti mühüm rol oynayır.

Daxili gərginlik, emosional tənzimləmə problemləri, aqressiyanın yığılması, özünü ifadə edə bilməmək və dəyərsizlik hissi zamanla destruktiv davranışlara çevrilir. Xüsusilə, uşağın özünü görmədiyi, eşidilmədiyi və qəbul olunmadığı mühitlərdə bu risk daha da artır”.

Ekspertin fikrincə, ailə mühiti də həlledici faktorlardandır:

“Valideynlər arasında konfliktlər, emosional soyuqluq, zorakılıq, nəzarətsizlik və ya həddindən artıq sərt nəzarət uşağın psixoloji inkişafına birbaşa təsir edir. Uşaq ya aqressiyanı model kimi mənimsəyir, ya da daxilində yığıb sonradan partlayış şəklində üzə çıxarır.

Sosial təzyiqlər və müasir dövrün təsirləri də bu prosesdə az rol oynamır.

Uşaqlar və yeniyetmələr sosial mediada davamlı müqayisə, rəqabət, qəbul olunma ehtiyacı və kənarlaşdırılma qorxusu ilə üzləşirlər. Bu amillər onların özünə münasibətini zəiflədir, qəzəb və narazılıq hisslərini artırır”.

Psixoloq məktəb mühitinin də xüsusi əhəmiyyət daşıdığını vurğulayıb:

“Məktəbdə bullinq halları, müəllim-şagird münasibətlərində anlaşılmazlıq və dəstəyin olmaması uşağın özünü təklənmiş hiss etməsinə səbəb olur. Bu təklənmə isə bəzi hallarda aqressiv davranışların ortaya çıxmasına şərait yaradır”.

Sonda ekspert qeyd edib ki, aqressiyanın yaranmasına səbəb olan faktorlar çoxşaxəlidir və hər hansı cəmiyyət haqqında ümumi fikir formalaşdırmaq üçün bu kimi halları daha geniş və dərindən təhlil etmək vacibdir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
27
1
konkret.az

2Mənbələr