AZ

Elektrikli avtomobillərin idxalı niyə azalıb?

Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 339 milyon 631 min dollar dəyərində 15 351 ədəd avtomobil idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb. Bildirilib ki, 2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 33,1% və ya 7 585 ədəd azdır.

Qeyd edək ki, hesabat dövründə ölkəyə 7 milyon 898 min dollar dəyərində yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələri idxal edilib ki, bu da illik müqayisədə say baxımından 30,1% və ya 129 ədəd azdır.

Göründüyü kimi, elektrikli avtomobillərin idxalı 30 % azalıb. Bu azalma daha çox hansı seqmentə təsir edir? Avtomobil idxalındakı azalma ölkədə avtomobil bazarına necə təsir göstərir?

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında nəqliyyat eksperti Adil Nəbiyev bildirib ki, elektrikli avtomobil idxalındakı azalma struktur baxımından ən çox işlənmiş və orta qiymət seqmentinə təsir göstərir.

O qeyd edib ki, Azərbaycan bazarında əsas alıcı kütləsi məhz bu kateqoriyaya yönəlir və onların qərarları birbaşa valyuta məzənnəsi, kredit şərtləri və ümumi iqtisadi gözləntilərlə bağlı olur:

"İdxal həcmi azaldıqda ilk reaksiya məhz bu seqmentdə hiss edilir. Çünki həm təklif azalır, həm də alıcılar riskdən qaçaraq alış qərarlarını təxirə salırlar.

Nəticədə bazarda balans pozulur və mövcud avtomobillərə yönələn tələbat artır. Bu isə xüsusilə son illərin ən çox tələb olunan modellərində qiymətlərin tədricən yüksəlməsinə səbəb olur".

Ekspert əlavə edib ki, yeni avtomobillər seqmentində isə vəziyyət nisbətən fərqlidir:

"Burada idxal azalsa belə, rəsmi dilerlər müəyyən müddət stok hesabına bazarı sabit saxlaya bilir. Lakin uzunmüddətli perspektivdə yeni avtomobil təklifi də zəiflədikcə kampaniyalar azalır, kredit və lizinq şərtləri sərtləşə bilər və bu da qiymətlərin artımına dolayı təsir göstərir". Onun sözlərinə görə, premium seqment isə daha stabil qalır:

"Bu kateqoriyada alıcı davranışı iqtisadi dalğalanmalara daha az həssasdır və alışlar daha çox fərdi seçim və status amili ilə bağlı olur. Elektrik avtomobillərində müşahidə olunan azalma isə ayrıca diqqət tələb edir, burada əsas səbəblər yalnız qiymət deyil, həm də infrastrukturun tam inkişaf etməməsi, ehtiyat hissələri və servis məsələlərində qeyri-müəyyənlik, eləcə də ikinci əl bazarının zəif formalaşmasıdır ki, bu da alıcıların risk davrayışını artırır. 

O bildirib ki, ümumilikdə idxalın azalması bazarda seçim imkanlarını daraldır:

"Rəqabəti zəiflədir və nəticədə qiymətlər üzərində yuxarı yönlü təzyiq yaradır, xüsusilə ucuz və orta seqmentdə bu təsir daha tez və daha kəskin hiss olunur, yaxın aylarda kəskin sıçrayış ehtimalı yüksək olmasa da, mərhələli və davamlı qiymət artımı, eyni zamanda bəzi modellər üzrə çatışmazlıq və növbə problemi yaranması real ssenari kimi görünür".

Seçilən
26
14
cebheinfo.az

10Mənbələr