AZ

Şahin Mustafayev: Şimal–Cənub dəhlizi mürəkkəb geosiyasi şəraitdə etibarlı fəaliyyətini göstərir

Zəngilan, 16 aprel, AZƏRTAC

“Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi mövcud mürəkkəb geosiyasi şəraitdə fasiləsiz yük axınını təmin edərək etibarlı fəaliyyət göstərir və öz rəqabətqabiliyyətliliyini praktikada sübut edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev Hökumətlərarası Komissiyanın 24-cü iclasında bildirib.

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan Rusiya ilə münasibətlərdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiq qalır.

“İkitərəfli əməkdaşlığın inkişafı prezidentlərin siyasi iradəsi və strateji kursu əsasında formalaşır və bütün istiqamətlər üzrə dərinləşir. Mürəkkəb regional vəziyyətə baxmayaraq, tərəflər arasında əməkdaşlıq ardıcıl şəkildə inkişaf edir. Bu çərçivədə Azərbaycan Rusiya vətəndaşlarının İrandan təxliyəsinə operativ dəstək göstərib, həmçinin Rusiya humanitar yüklərinin ölkə ərazisi vasitəsilə İrana çatdırılmasına şərait yaradıb. Humanitar yardımın sonuncu partiyası martın 27-də Astara şəhərində təhvil verilib”, - deyə Şahin Mustafayev vurğulayıb.

Baş nazirin müavini əlavə edib ki, yüksəksəviyyəli təmasların müntəzəm xarakter daşıması və əldə olunmuş razılaşmaların icrası Azərbaycan-Rusiya tərəfdaşlığının gələcək inkişafı üçün möhkəm zəmin yaradır: “Əminəm ki, bu gün Hökumətlərarası Komissiyanın 24-cü iclası çərçivəsində biz dialoqumuzun müsbət dinamikasını qoruyacaq və əldə olunmuş razılaşmaların inkişafını davam etdirəcəyik. Bugünkü görüş həmçinin ikitərəfli gündəliyin aktual məsələləri üzrə mövqelərimizi uzlaşdırmaq və qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi istiqamətində növbəti addımları müəyyənləşdirmək üçün yaxşı imkan yaradır”.

Müxbir - Pərvanə Qafarova
Fotoqraf - Tofiq Babayev
Seçilən
18
azertag.az

1Mənbələr