AZ

1 kq əvəzinə 100 qramın qiyməti: Marketlərdə çaşqınlıq yaradanlara XƏBƏRDARLIQ

ain.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Bakıda bəzi marketlər məhsulları toplu şəkildə satış stendlərinə töküb üzərinə 100 qramın qiyməti əks olunan lövhə yerləşdirirlər. Əksər müştərilər də elə bilir ki, göstərilən qiymət məhsulun 1 kiloqramının dəyəridir. Yazıların şriftinin kiçik olması xüsusilə yaşlı istehlakçılarda çaşqınlıq yaradır.

Bu nə dərəcədə düzgündür?

Mövzuya cavab olaraq Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Redaktor.az-a bildirildi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, satıcı istehlakçını maraqlandıran mal, iş və xidmətin qiyməti, istehlak xassələri (qida məhsullarına münasibətdə qida və enerji dəyəri, tərkibi, miqdarı, keyfiyyət göstəriciləri, istehsal tarixi, yararlılıq müddəti, tərkibindəki allergenlər, mənşəyi), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barədə zəruri və düzgün məlumat verməlidir.

"Əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na əsasən, çəki ilə satılan qida məhsullarının qiyməti xalis (netto) çəki ilə müəyyən edilir.  Satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işi, xidməti) almasına səbəb olubsa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 445.1-ci maddəsinə əsasən, qiymət intizamının pozulması, yəni satışda olan malların üzərində qiymət kağızlarının və ya göstərilən xidmətlər üçün qiymət cədvəllərinin (menyuların) olmaması və ya onların düzgün tərtib edilməməsinə görə 800 manatdan 1000 manatadək məbləğdə cərimə nəzərdə tutulub.

Onu da bildirək ki, qiymət məlumatının aydın, oxunaqlı və asan başa düşülən formada təqdim edilməsi, istifadə olunan şriftin kifayət qədər seçilən olması, qiymətin hansı ölçü vahidinə (məsələn, 100 qram, 1 kiloqram və s.) aid olduğunun açıq və birmənalı göstərilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə sahibkarlıq subyektlərinə məhsulların qiymət təqdimatını müvafiq şəkildə təşkil etmələri, istehlakçıları çaşdıracaq və ya yanlış təsəvvür yaradacaq hallara yol verməmələri tövsiyə olunur. İstehlakçılar qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulması halları ilə rastlaşdıqda Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt ([email protected] ) vasitəsilə müraciət edə bilərlər", - deyə cavabda qeyd olunub.

NURİYYƏ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
2
redaktor.az

3Mənbələr