AZ

Böyükşor yolunda üç nəfərin ölümünə səbəb olan sürücüyə HÖKM OXUNDU

Törətdiyi ağır avtoqəza nəticəsində üç nəfərin ölümünə səbəb olan Vaqif Məmmədovun cinayət işi üzrə hökm oxunub.

BAKU.WS "Unikal"a istinadən xəbər verir ki, təqsirləndirilən Vaqif Məmmədovun 4 il sürücülük hüququndan məhrum edilməklə 6 il 6 ay azadlıqdan məhrum edilməsini və məhkəmə zalında həbs olunması ilə bağlı hökm səsləndirilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Vaqif Məmmədovun 5 il sürücülük hüququndan məhrum etməklə 8 il müddətinə azadlıqdan məhrum olunmasını məhkəmədən istəmişdi.

Xatırladaq ki, hadisə 2025-ci ildə baş verib. Belə ki, Vaqif Məmmədov idarə etdiyi yük avtomobilini Bakı şəhərinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində Böyükşor yolu ətrafında yağışlı havada yüksək sürətlə idarə edərək yol hərəkəti qaydalarını pozaraq əks tərəfdən gələn "Volkswagen" markalı maşınla toqquşub. Nəticədə sürücü Nəriman Gülməmmədov və sərnişinlər Rüstəm Məmmədov və Orxan Mirzəyev ağır bədən xəsarətləri alaraq xəstəxanada dünyalarını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanıb və V.Məmmədova qarşı Cinayət Məcəlləsinin 263-1.3 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma - eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda: beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır) maddəsi ilə ittiham irəli sürülüb.

Seçilən
1
7
far.az

8Mənbələr