Heydər Əliyev Sarayı səhnəsində fərqli və yaddaqalan mədəni hadisə baş verib. ƏSA Teatrının təqdimatında ilk dəfə nümayiş olunan “Paris Notr-Dam” musiqili tamaşası paytaxt tamaşaçılarına unudulmaz anlar yaşadıb.
Musavat.com xəbər verir ki, dünya ədəbiyyatının görkəmli nümayəndəsi Viktor Hüqonun ölməz əsəri əsasında hazırlanan səhnə işi həm quruluşu, həm də ifaları ilə diqqət çəkib.
Tamaşa 40-dan çox aktyorun iştirakı ilə hazırlanaraq böyük komandanın zəhmətinin məhsulu kimi təqdim olunub.
Layihənin rəhbəri və quruluşçu rejissoru Nihad Qulamzadə tamaşaya fərqli baxış gətirərək klassik süjeti müasir teatr dili ilə təqdim etməyə nail olub.
Baş rollarda çıxış edən Elsevər Rəhimov (Kvazimodo) obrazın daxili iztirabını və sevgisini emosional şəkildə tamaşaçıya çatdırıb. Lalə Süleymanovanın canlandırdığı Esmeralda isə zərifliyi və güclü səhnə enerjisi ilə seçilib. Elşən Əskərov (Frollo) mürəkkəb xarakterin psixoloji qatlarını ustalıqla təqdim edib, Elçin Nurəliyev (Feb) isə obrazın cəsarətini və romantizmini səhnəyə gətirib.
Digər rollarda çıxış edən Səmayə Qulamzadə (Flör-de-Lis), Əbülfəz İskəndərov (Klopin) və Bəhram Rəhimli (Heykəl) də tamaşanın ümumi ritmini tamamlayan uğurlu ifaları ilə yadda qalıblar.

Tamaşanın əsas üstünlüklərindən biri fransız musiqisinin sehrli ahəngi ilə canlı ifanın vəhdətidir. Musiqi, xoreoqrafiya və aktyor oyununun harmoniyası səhnədə bütöv bir atmosfer yaradıb.
Premyera tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.




Könül İbrahim
Video müəllifindir
Musavat.com