AZ

Baş nazirin müavini azad edilmiş ərazilərdə görülən işləri açıqlayıb

İşğaldan azad edilmiş ərazilərdə 75 mindən çox insan yaşayır, təhsil alır və çalışır.

APA xəbər verir ki, bunu Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev Zəngilan şəhərində keçirilən Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Komissiyasının 24-cü iclasında çıxışı zamanı deyib.

“Hazırda azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa işləri həyata keçirilir, həyat yenidən canlanır, müasir infrastruktur və sosial obyektlər formalaşdırılır, davamlı inkişaf üçün şərait yaradılır”, - Şahin Mustafayev bildirib.

O qeyd edib ki, həyata keçirilən layihələr çərçivəsində azad edilmiş ərazilərdə 1400 kilometrdən çox avtomobil yolu inşa edilib, 120 kilometrdən artıq dəmir yolu xətti çəkilib: “Həmçinin, 7 tunelin tikintisi tam başa çatdırılıb, daha 31 tuneldə qazma işləri yekunlaşıb və 392 körpü inşa olunub”.

Baş nazirin müavini əlavə edib ki, artıq üç beynəlxalq hava limanı istismara verilib, yaşayış məntəqələri, kəndlər, məktəblər və xəstəxanalar fəal şəkildə tikilir: “Eyni zamanda, müasir enerji, su təchizatı, rabitə və digər zəruri infrastruktur obyektləri yaradılır ki, bu da regionun dayanıqlı sosial-iqtisadi inkişafı üçün əsas formalaşdırır”.

Seçilən
21
2
apa.az

3Mənbələr