AZ

Rubio masada, liderlər ekranda: Yaxın Şərqdə 30 ildən sonra bir ilk

Livanda fəaliyyət göstərən "Al Jadeed" telekanalının yaydığı məlumata görə, ABŞ-ın Dövlət katibi Marko Rubio Livan Prezidenti Cozef Aun və İsrail Baş naziri Benyamin Netanyahu arasında ilk videozəng formatlı birbaşa təmasın yaradılması üçün vasitəçilik edəcək.

Musavat.com xəbər verir ki, bu, son onilliklərdə iki düşmən ölkənin rəhbər səviyyəsində ilk birbaşa ünsiyyəti kimi tarixə düşəcək.

Mənbələrin verdiyi məlumata görə, danışıqlar üçtərəfli formatda keçiriləcək. Marko Rubio Livan-İsrail diplomatik xəttinin kuratoru kimi həm vasitəçi, həm də prosesin qarantı qismində müzakirələrdə iştirak edəcək.

Bu videozəng qərarı, ötən çərşənbə axşamı Vaşinqtonda hər iki ölkənin səfirləri (Yexiel Leiter və Nada Həmədə Muavad) arasında keçirilən tarixi birbaşa danışıqlardan sonra verilib. Rubionun həmin görüşü "tarixi fürsət" adlandırması prosesin sürətləndiyini göstərir.

Danışıqların əsas mövzularından biri Hizbullahın tərksilah edilməsi və Livan hökumətinin ölkənin cənubunda tam suverenliyinin təmin olunmasıdır. Livan Prezidenti bu addımla xalqın çəkdiyi iztirablara son qoymaq niyyətində olduğunu bildirib.

Videozəng cəhdi İsrail ordusunun Livanın cənubunda Hizbullaha qarşı genişmiqyaslı quru əməliyyatlarını davam etdirdiyi bir vaxta təsadüf edir. Rubionun bu "qaynar xətt" vasitəsilə atəşkəsə nail olmağa çalışdığı vurğulanır.

Ekspertlər qeyd edirlər ki, rəhbərlər arasında bu cür birbaşa təmasın qurulması Hizbullahın kəskin etirazı və "xəyanət" ittihamları ilə müşayiət olunsa da, Vaşinqton bu fürsətdən bölgədə yeni sülh arxitekturası qurmaq üçün istifadə edir. Marko Rubionun şəxsən kuratorluq etdiyi bu zəngin yaxın saatlarda baş tutacağı gözlənilir.

Musavat.com

Seçilən
8
musavat.com

1Mənbələr