Avropa İttifaqı (Aİ) üzv dövlətlər ilə birlikdə Sudanda və bu ölkənin hüdudlarından kənarda davam edən fövqəladə vəziyyətə təcili cavab vermək üçün 811,84 milyon avro yardım ayırmağı vəd edib.
Hafta.az xəbər verir ki, bu barədə Aİ-nin Almaniya, Fransa, Böyük Britaniya, ABŞ və Afrika İttifaqı ilə birlikdə Berlində təşkil etdiyi III Beynəlxalq Sudan Konfransında razılıq əldə olunub. Vəd olunmuş vəsaitin 360,8 milyon avrosu Avropa Komissiyasının payına düşür ki, bunun da 215,5 milyonu Sudandakı ehtiyacı olan insanlara, 145,3 milyonu isə Çad, Cənubi Sudan, Efiopiya, Mərkəzi Afrika Respublikası, Uqanda, Misir və Liviya kimi ölkələrdə müharibə nəticəsində yaranan regional qaçqın böhranına yönəldiləcək. “Avropa komandası”nın qalan maliyyə vəsaiti isə Avstriya, Belçika, Kipr, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, İrlandiya, İtaliya, Lüksemburq, Niderland, Polşa, Portuqaliya, Sloveniya və İsveç tərəfindən öhdəliyə götürülüb.
Aİ-nin ayıracağı vəsait səhiyyə və qidalanma xidmətlərinə, sığınacaq dəstəyinə, su və sanitariya, mühafizə və təhsil vasitəsilə ərzaq təhlükəsizliyi problemlərinin həllinə sərf olunacaq. Bu vəsait Sudanda uzunmüddətli sülh quruculuğuna şərait yaratmaqla yanaşı, əsas xidmətlərin davam etdirilməsinə, dolanışıq vasitələrinin dəstəklənməsinə və dözümlülüyün artırılmasına kömək edəcək.
Qeyd edək ki, Sudanda müharibənin davam etdiyi üç il ərzində ölkə ciddi böhranla üz-üzədir. Təqribən 13 milyondan çox insan məcburi köçkün vəziyyətinə düşüb, 33,7 milyon insan yardıma möhtacdır. Bir çox bölgədə aclıq faktı təsdiqlənib.