Bakı Mühəndislik Universitetinin (BMU) Kimya mühəndisliyi kafedrasının müdiri Namiq Şıxəliyevin türkiyəli alimlərlə birlikdə həyata keçirdiyi elmi-tədqiqat layihəsi Türkiyə Respublikası Ali Təhsil Şurasının (YÖK) Akademik Dəstək Proqramı (YÖK-ADEP) üzrə qalib olub.
AzEdu.az xəbər verir ki, proqram çərçivəsində maliyyələşdiriləcək layihə Gebze Texniki Universitetinin Biomühəndislik bölməsinin müəllimi Dr. Sedef Kaptan Usulun rəhbərliyi ilə icra edilir. “Bor qatqılı PCL/Kitosan lif əsaslı nanokompozitlərin hemostatik tətbiqlər üçün işlənib hazırlanması və istehsalı” mövzusunu əhatə edən tədqiqat müasir biomaterialların hazırlanması baxımından mühüm elmi əhəmiyyət daşıyır. Eyni zamanda əldə olunacaq nəticələrin biomühəndislik və tibb sahələrində tətbiqi nəzərdə tutulur.
Əsas tədqiqatçı kimi layihədə iştirak edən Namiq Şıxəliyev lif əsaslı daşıyıcı strukturların hazırlanması və onların xarakteristikası istiqamətində aparılan araşdırmalarda fəal rol oynayır.
Layihə, həmçinin BMU-nun beynəlxalq elmi əlaqələrinin genişlənməsinə mühüm töhfədir.
Qeyd edək ki, YÖK-ADEP proqramı ali təhsil müəssisələrində elmi tədqiqatların inkişafını təşviq edir, universitetlərarası əməkdaşlığı gücləndirir və innovativ layihələri dəstəkləyir.