AZ

BBC-də hər 10 əməkdaşdan biri işini itirə bilər

BBC artan maliyyə təzyiqləri fonunda genişmiqyaslı ixtisar planı hazırlayır.

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurumun müvəqqəti baş direktoru Fodri Talfan Davis BBC Radio 4-də yayımlanan “Media Show” proqramında bildirib

Onu sözlərinə görə, qarşıdakı 2 ildə 2000-ə yaxın əməkdaşın işdən çıxarılması nəzərdən keçirilir ki, bu da təxminən hər 10 işçidən birinə bərabərdir.

Plan BBC-nin 500 milyon funt sterlinq qənaət hədəfi çərçivəsində həyata keçiriləcək. Bu çərçivədə yalnız işçi ixtisarları deyil, bəzi televiziya kanalları və xidmətlərin bağlanması ehtimalı da gündəmdədir.

Bu miqyasda qənaət “böyük və çətin seçimləri” qaçılmaz edir. Fodri Talfan Davisin sözlərinə görə, bütün sahələr yenidən nəzərdən keçirilir və bəzi xidmətlərin tamamilə dayandırılması istisna olunmur.

Hazırda BBC-də təxminən 21 min 500 tam ştatlı əməkdaş çalışır. Plan həyata keçirilərsə, bu, son illərin ən böyük ixtisar addımlarından biri olacaq. Rəhbərlik prioritetin əsas radio, televiziya və rəqəmsal xidmətlərin qorunması olduğunu bildirsə də, hansı sahələrin təsirlənəcəyi hələlik açıqlanmayıb.

İxtisar planı həmkarlar ittifaqlarının ciddi etirazı ilə qarşılanıb. Yayım işçilərini təmsil edən “Bektu”nun rəhbəri Filippa Çilds bu addımın həm işçilər, həm də qurum üçün “dağıdıcı” olacağını deyib.

Eyni zamanda, "National Union of Journalists"-in baş katibi Lora Davison planı “yanlış və zərərli” adlandıraraq, bunun BBC-nin ictimai funksiyalarını yerinə yetirmə qabiliyyətini zəiflədəcəyini vurğulayıb.

Böyük Britaniyanın mədəniyyət naziri Lisa Nandi isə bildirib ki, BBC digər qurumlar kimi çətin qərarlar vermək məcburiyyətindədir.


Telegram kanalımız
Seçilən
28
yenisabah.az

1Mənbələr