AZ

Düyməyə basıldı: Türkiyəyə dəhşətli hücumlar başladı Polkovnikdən sensasion açıqlamalar

GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyədə son iki gündə məktəb və liseyə hücum ölkə gündəmini silkələyib.

Ümumiyyətlə, son iyirmi gün ərzində Türkiyənin müxtəlif yerlərində bir sıra hücumlar baş verib. Martın 27-də Kocaeli vilayətinin İzmit şəhərində yerləşən əyləncə mərkəzində silahlı insident, aprelin 7-də İstanbulda İsrail Konsulluğunun qarşısında silahlı toqquşma olub. Aprelin 14-də isə Şanlıurfa vilayətinin Siverek rayonunda liseylərdən birində silahlı hücum edilib. Ardınca aprelin 15-də Kahramanmaraş vilayətində yerləşən Ayşel Çalık orta məktəbində silahlı hücum baş verib. Təhsil ocaqlarına hücumlar cəmiyyətdə xüsusi narahatlıq və təşviş yaradıb.

Qeyd edək ki, Şanlıurfadakı hadisə nəticəsində 18 nəfər yaralanıb. Kahramanmaraşdakı hücumda isə 9 nəfərin öldüyü, 13 nəfərin yaralandığı deyilir.

Bu hücumların pərdəarxasında nələr var?

Globalinfo.az-a danışan ehtiyatda olan polkovnik və strategiya və təhlükəsizlik üzrə ekspert İbrahim Keleş bildirib ki, İran-ABŞ-İsrail münaqişəsi atəşkəslə dayandırılsa da, İsrailin Livana hücumlarında hər hansı fasilə olmayıb:

“Son bir həftə ərzində İsrail baş naziri və nazirləri, eləcə də bəzi media analitikləri tərəfindən Türkiyəyə və onun Prezidentinə qarşı ritorikanın artdığının şahidi oluruq. Bu hadisələr xaricdə baş verərkən ölkə daxilində İzmitdən başlayan, Leventdəki İsrail konsulluğu yaxınlığında silahlı toqquşma, Şanlıurfanın Sivelek rayonundakı bir məktəbə hücum və ertəsi gün Kahramanmaraşda başqa bir məktəbə hücum – bütün bunlar təsadüfi ola bilməz. Ölkə xaricindəki hadisələri daxildəki hadisələrlə birlikdə təhlil etmək bizi bir nəticəyə gətirib çıxara bilər”.

İ.Keleş qeyd edib ki, məktəblərə hücumlarda istifadə edilən üsul eynidir:

“Silahlı bir şagird şagirdlərə və müəllimlərə qarşı ayrı-seçkilik etmədən atəş açır və mümkün qədər çox zərər vurmağa çalışır. Kahramanmaraşda isə yenə bir şagird məktəbə 5 silah və 7 maqazinlə gəlib, iki sinif otağında qırğın törədir. Hər iki hadisədə ortaq məqam onların şagird olmasıdır. Həmçinin qırğın törətdikdən sonra hər ikisinin öz həyatına son qoyması da diqqətdən qaçmır”.

Təhlükəsizlik eksperti deyib ki, xüsusilə, bu hadisələrdən sonra bəzi xarici sosial media şəbəkələrində edilən paylaşımlar mütəşəkkil bir vəziyyətlə üzləşdiyimizi göstərir:

“Bu paylaşımların bəzilərində İŞİD-in üslubuna bənzər ifadələr var. Leventdəki İsrail konsulluğuna hücumun da İŞİD-lə əlaqəli olduğunu ehtimal edirik.

Hesab edirəm ki, İsrailin Türkiyəyə qarşı xaricdə düşmən münasibəti daxildə də özünü göstərir. Daxildəki bu hadisələr xarici proseslərdən ayrı nəzərdən keçirilə bilməz. Aydındır ki, haradasa bir düyməyə basılıb. Xarici mənbələrdən paylaşılan məlumatlar xüsusilə diqqət çəkir”.

İbrahim Keleş

İ.Keleş əlavə edib ki, bu cür hadisələrin baş verməsinin qarşısını almaq üçün sadiq qaldıqları bir prinsip var:

“Daxili cəbhənin gücləndirilməsi – bizi güclü edən şey vətəndaşlarımızın bir-birinə, dövlətə və millətə olan sədaqətidir. Düşmənçilik edənlər isə əvvəlcə bu daxili cəbhəni parçalamaq istəyəcəklər. Mən bu hücumları həmin ideologiyanın təzahürü hesab edirəm.

Hesab edirik ki, iki şagirdin qırğın törətməsi bir cinayət hadisəsindən daha artıqdır. Ailələrin üzərinə düşən vəzifə isə uşaqlarının xüsusilə sosial mediada oynadığı oyunları, abunə olduqları və izlədikləri sosial media kanallarını, orada nə etdiklərini izləmək və bu mövzuda uşaqlarını xəbərdar etmək və qorumaqdır. Bundan əlavə, hazırda Böyük Millət Məclisində müzakirə olunan 15 yaşlı uşaqların sosial mediaya daxil olması üçün yaş həddinin tətbiqi ilə bağlı qanun mümkün qədər tez qəbul olunmalıdır ki, bütün dünyada olduğu kimi, Türkiyədə də uşaqlarımızın gələcəyini oğurlamaq istəyənlərə bu fürsət verilməsin”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
globalinfo.az

2Mənbələr