AZ

"Real" ardıcıl 2-ci mövsümdə Çempionlar Liqasının 1/4 finalında mübarizəni dayandırdı

Avropa futbolunun ən titullu və ən sabit klublarından biri olan “Real Madrid”in UEFA Çempionlar Liqasındakı son 16 mövsümlük çıxışı diqqətçəkən mənzərə ortaya qoyur.

Musavat.com Offsideplus.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi bu dövrdə turnirdə həm çempionluqlarla, həm də ardıcıl dərin mərhələ uğurları ilə yadda qalıb. “Kral Klubu”nun son illərdəki nəticələri onun Avropa futbolundakı xüsusi statusunu bir daha nümayiş etdirir.

Məlumata görə, “Real Madrid” 2010-2013-cü illər arasında ardıcıl üç mövsüm yarımfinala yüksəlib. Bu mərhələ klubun Çempionlar Liqasında əvvəlki qüdrətini yenidən bərpa etməsi kimi qiymətləndirilir.

2013/14 mövsümündə isə Madrid klubu uzun illər həsrətində olduğu “La Decima”nı – yəni 10-cu Çempionlar Liqası kubokunu qazanaraq tarix yazıb. Bundan sonra “Real”ın Avropadakı dominantlığı daha da güclənib.

Belə ki, 2015-2018-ci illər arasında komanda futbol tarixində nadir rast gəlinən uğura imza ataraq ardıcıl üç dəfə turnirin qalibi olub. Həmin dövrdə “Real Madrid” Avropada demək olar ki, məğlubedilməz gücə çevrilib.

2021/22 mövsümündə də Madrid təmsilçisi növbəti dəfə kuboka sahib çıxıb. Həmin mövsüm komandanın dramatik geri dönüşlərlə zəngin oyunu uzun müddət yaddaşlardan silinməyib. 2023/24 mövsümündə isə “Kral Klubu” yenidən zirvəyə yüksələrək növbəti dəfə Çempionlar Liqasının qalibi olub.

Son 16 mövsümün ümumi statistikasına nəzər saldıqda “Real Madrid”in 6 dəfə çempion, 6 dəfə yarımfinalçı, 2 dəfə 1/4 finalçı, 2 dəfə isə 1/8 final mərhələsində mübarizəni dayandırdığı görünür. Bu rəqəmlər klubun sabitliyinin və yüksək səviyyəsinin Avropa futbolunda nadir nümunələrdən biri olduğunu göstərir.

Bununla belə, son iki mövsüm Madrid təmsilçisi üçün əvvəlki illərlə müqayisədə daha uğursuz alınıb. Belə ki, “Real Madrid” həm 2024/25, həm də 2025/26 mövsümlərində turnirlə 1/4 final mərhələsində vidalaşıb. Xüsusilə cari mövsümdə “Bayern”lə gərgin qarşıdurmada yarışdan kənarda qalması klubun gələcək planlarını yenidən nəzərdən keçirməsinə səbəb olub.

İddialara görə, bu uğursuzluqdan sonra heyətdə dəyişikliklər, rotasiya və yeni məşqçi seçimləri ilə bağlı müzakirələr daha da intensivləşib.

Seçilən
66
musavat.com

1Mənbələr