AZ

Cənubi Qafqazda böyük oyunun yeni mərhələsi başlayıb - Lavrov mesajlar verdi

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun son açıqlamaları gündəmin əsas mövzularından birinə çevrilib. O bildirib ki, Qərb Cənubi Qafqazda öz qaydalarını qurmağa çalışır.

Göründüyü kimi, XİN rəhbərinin fikirlərindən belə çıxır ki, son illər qlobal güclər arasında rəqabətin yeni mərhələyə keçməsi Cənubi Qafqaz və Orta Asiyanı yenidən geosiyasi mübarizənin mərkəzinə çevirib

Doğrudanmı Qərb regionda yeni siyasi nizam formalaşdırmaq niyyətindədir, yoxsa bu, daha çox böyük güclər arasında təsir dairəsi uğrunda gedən mübarizənin ritorik ifadəsidir?

Cənubi Qafqaz və Orta Asiya ölkələri böyük güclərin rəqabət meydanına çevrilir, yoxsa onlar bu rəqabətdən istifadə edərək daha balanslı və müstəqil siyasət qurmaq imkanı əldə edirlər?

Milli Məclisin deputatı Kamran Bayramov mətbuata açıqlamasında bildirib ki, Sergey Lavrovun “Qərb Cənubi Qafqazda öz qaydalarını tətbiq etməyə çalışır” açıqlaması bu regiondakı strateji qarşıdurmanın sadəcə ritorik ifadəsi deyil, həm də dəyişən dünya nizamının bu coğrafiyadakı real əksidir: "Qərbin, xüsusilə də ABŞ və Avropa İttifaqının regionda artan fəallığı, Ermənistan vasitəsilə yeni təhlükəsizlik formatları yaratmaq cəhdləri və monitorinq missiyaları adı altında bölgəyə yerləşməsi, həqiqətən də kənar diktəyə əsaslanan yeni siyasi nizam formalaşdırmaq niyyətindən xəbər verir. Lakin bu prosesi yalnız birtərəfli qayda yaratmaq cəhdi kimi deyil, daha çox böyük güclər arasında təsir dairələri uğrunda gedən “sıfır cəmli oyunun” (zero-sum game) tərkib hissəsi kimi qiymətləndirmək daha dolğun olar. Rusiyanın Cənubi Qafqazı özünün ənənəvi nüfuz dairəsi hesab etməsi və “regional məsələlər regional oyunçular tərəfindən həll olunmalıdır” prinsipinə söykənməsi, Lavrovun kəskin ritorikasını şərtləndirən əsas amildir".

K.Bayramov qeyd edib ki, Moskva üçün Qərbin regiondakı hər hansı institusional mövcudluğu birbaşa təhlükəsizlik təhdidi və tarixi balansın pozulması kimi qəbul edilir. Bu mürəkkəb mənzərə daxilində Azərbaycanın tutduğu mövqe həm Qərbin "yeni qaydalar" tətbiq etmək istəyinə, həm də Moskvanın ritorik təzyiqlərinə qarşı ən rasional cavabdır. Azərbaycan siyasi iradə sahibi kimi çıxış edərək sübut edir ki, regionun taleyi kənardan gətirilən süni modellərlə deyil, daxili güc və milli maraqların uzlaşması ilə müəyyən olunmalıdır. Beləliklə, Lavrovun işarə etdiyi "Qərb qaydaları" əslində regionu növbəti poliqona çevirmək riski daşısa da, Azərbaycan rəhbərliyinin formalaşdırdığı müstəqil iradə bu kənar müdaxilələrin qarşısında ən ciddi geosiyasi sədd rolunu oynayır. Bu mübarizə həm yeni nizam qurmaq cəhdi, həm də köhnə təsir dairələrini qorumaq savaşıdır. Lakin regionun gələcəyini bu iki qütbdən çox, yerli dövlətlərin nümayiş etdirdiyi qətiyyət və real əməkdaşlıq platformaları təyin edəcəkdir".

Deputat onu da qeyd edib ki, məsələyə daha geniş perspektivdən nəzər saldıqda aydın olur ki, Qərbin regiona artan marağı təkcə siyasi bəyanatlarla deyil, həm də iqtisadi-strateji layihələr və alternativ tərəfdaşlıq modelləri ilə müşayiət olunur: "Bu marağı birmənalı şəkildə “qaydalar diktə etmək” cəhdi kimi qiymətləndirmək bəlkə də hadisələrin yalnız bir tərəfini görmək olardı. Reallıqda isə biz Qərbin region dövlətlərinə daha çox seçim imkanı və alternativ inkişaf yolları təklif etməyə çalışdığını müşahidə edirik. Xüsusilə nəqliyyat dəhlizlərinin diversifikasiyası, "yaşıl enerji" keçidi və rəqəmsal infrastrukturun qurulması kimi təşəbbüslər region ölkələrinin ənənəvi güc mərkəzlərindən asılılığını azaldan strateji seçimlərdir. Bununla belə, bu "alternativ tərəfdaşlıq" modellərinin pərdəarxasında Qərbin öz geosiyasi maraqlarını və dəyərlər sistemini regiona proyeksiya etmək niyyəti də gizlənmir. Lavrovun qeyd etdiyi "qaydalar diktə etmək" ifadəsi əslində bu modellərin gətirdiyi siyasi şərtlərin (məsələn, demokratik islahatlar, təhlükəsizlik arxitekturasının dəyişdirilməsi) Rusiya və ya digər regional güclərin maraqları ilə toqquşmasına işarədir. Qərb üçün bu proses regional sabitliyin və şəffaflığın artırılması kimi təqdim olunsa da, rəqib güc mərkəzləri üçün bu, mövcud status-kvonun dağıdılması və regionun kənar nəzarətə keçməsi cəhdidir. Bu vəziyyətdə Azərbaycanın mövqeyi bir növ "qızıl orta" funksiyasını yerinə yetirir. Azərbaycan nə kənardan gələn hazır modelləri olduğu kimi qəbul edir, nə də regional tərəfdaşlıqdan imtina edir. Ölkəmiz bu maraqların kəsişmə nöqtəsində öz milli maraqlarını qoruyaraq, kənar təzyiqləri və diktələri qarşılıqlı faydalı əməkdaşlığa çevirə bilən müstəqil aktor kimi çıxış edir. Beləliklə, Qərbin bu coğrafiyadakı fəallığı həm alternativ imkanlar yaradır, həm də gərgin rəqabət üçün zəmin hazırlayır. Lakin son nəticə bu tərəfdaşlığın hansı şərtlər daxilində qurulmasından və region dövlətlərinin bu prosesdə öz suverenliklərini nə dərəcədə qoruya bilməsindən asılı olacaqdır".
K.Bayramov əlavə edib ki, iki fərqli yanaşmanın toqquşduğu nöqtədə Azərbaycanın yürütdüyü siyasət bir nümunə təşkil edir. Azərbaycan sübut edir ki, həm Qərbin təqdim etdiyi iqtisadi və texnoloji imkanlardan yararlanmaq, həm də regional sabitliyi və milli maraqları qorumaq mümkündür. Ölkəmiz nə kənar qaydaların kor-koranə icraçısına çevrilir, nə də beynəlxalq əməkdaşlıqdan təcrid olunur. Əksinə, Azərbaycan hər iki tərəfin maraqlarını ortaq məxrəcə gətirən müstəqil aktor kimi çıxış edərək, regionun taleyinin kənar güclərin ritorikasından deyil, suveren dövlətlərin iradəsindən asılı olduğunu nümayiş etdirir. Nəticədə, Qərbin fəallığı yalnız o zaman "qaydalar diktə etmək" deyil, "tərəfdaşlıq" sayıla bilər ki, bu proses regional reallıqlara və dövlətlərin daxili suverenliyinə hörmət prinsipi üzərində qurulsun".

Cavanşir Abbaslı
Musavat.com

Seçilən
31
musavat.com

1Mənbələr