25 dekabr 2024-cü il tarixində Rusiya səmasında “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin vurulması və qəzaya uğraması ilə bağlı iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması, Rusiyanın Azərbaycan tərəfinə təzminat ödəməyə razılaşması məmnunluqla qarşılanır.
Milli Məclisin deputatı Vüqar İskəndərov bu barədə Musavat.com-a danışaraq bildirib ki, Azərbaycanın xarici siyasəti uzun illərdir ki, milli maraqların qorunması və qarşılıqlı hörmət prinsipləri əsasında formalaşaraq inkişaf edir: "Bu yanaşma ölkənin həm yaxın, həm də uzaq dövlətlərlə münasibətlərində balanslı və praqmatik xətt yürütməsinə imkan yaradır. Rəsmi Bakı üçün əsas prioritet milli və dövlət maraqlarının təmin olunmasıdır və bu prinsip bütün istiqamətlər üzrə əməkdaşlıq siyasətində açıq şəkildə özünü göstərir”.
Deputat bildirib ki, Azərbaycan qonşu dövlətlərlə münasibətlərin məhz bu kontekstdə inkişafına xüsusi önəm verir: “Rusiya ilə münasibətlər də məhz bu ümumi yanaşma çərçivəsində dəyərləndirilir. İki ölkə arasında əlaqələrin mahiyyəti təkcə siyasi və iqtisadi əməkdaşlıqla məhdudlaşmır, eyni zamanda mürəkkəb və həssas məsələlərə necə yanaşma ilə də ölçülür. Bu baxımdan, “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması ilə bağlı məsələnin həlli istiqamətində əldə olunan nəticələr tərəflər arasında dialoq mədəniyyətinin və qarşılıqlı məsuliyyət hissinin bariz nümunəsi kimi çıxış edir. Yüksək səviyyəli təmaslar çərçivəsində əldə olunan razılaşmalar konkret nəticələrə gətirib çıxarıb və bu istiqamətdə irəliləyişin mümkünlüyünü nümayiş etdirib”.
Bu məsələdə Azərbaycanın diplomatik və qətiyyətli mövqeyinin öz sözünü dediyini bildirən millət vəkili
hesab edir ki, xüsusilə kompensasiya mexanizmi üzrə razılığın əldə olunması yalnız hüquqi məsələnin həlli kimi deyil, tərəflər arasında həm də humanitar dəyərlərin, qarşılıqlı etimadın və məsuliyyətli tərəfdaşlığın təsdiqi kimi qiymətləndirilməlidir: “Bu addım eyni zamanda gələcəkdə oxşar məsələlərin daha çevik və konstruktiv şəkildə həll olunmasına zəmin yaradır. Ümumilikdə, Azərbaycan və Rusiya arasında bu istiqamətdə əldə olunan nəticələr ikitərəfli münasibətlərin sağlam əsaslar üzərində inkişaf etdiyini göstərməklə yanaşı, regionda sabitliyin və qarşılıqlı etimad mühitinin möhkəmləndirilməsi baxımından da mühüm əhəmiyyət kəsb edir”.
Cavanşir Abbaslı
Musavat.com