AZ

Süni intellekt suyu necə "içir"?

Süni intellekt (Sİ) sistemlərinin su istehlakı əsasən iki amillə bağlıdır. Sİ modelləri (məsələn, ChatGPT) nəhəng məlumat mərkəzlərində yerləşən güclü prosessorlar vasitəsilə işləyir. Bu cihazlar fasiləsiz işləyərkən həddindən artıq qızır. Avadanlıqların sıradan çıxmaması üçün tətbiq edilən soyutma sistemlərində sudan istifadə olunur. Su istiliyi udaraq buxarlanır və beləliklə, sistemin temperaturu sabit qalır.

Bu mərkəzləri enerji ilə təmin edən elektrik stansiyaları (xüsusilə istilik və nüvə stansiyaları) fəaliyyət göstərmək üçün külli miqdarda suya ehtiyac duyur. Tədqiqatlar göstərir ki, süni intellektlə aparılan kiçik bir söhbət (təxminən 20-50 sual-cavab) təbiətə yarım litr suyun buxarlanması bahasına başa gəlir. Proqnozlara görə, 2025-ci ilə qədər bu texnologiyanın ümumi su sərfi yüzlərlə milyard litrə çata bilər.

Süni intellektin təkbaşına su qıtlığı yaradacağını demək mübahisəli məsələdir, lakin bəzi risklər mövcuddur. Əgər məlumat mərkəzləri su ehtiyatları onsuz da az olan quraq bölgələrdə tikilirsə, bu, yerli əhali və kənd təsərrüfatı üçün ciddi problemlər yarada bilər. Sİ istifadəçilərinin sayı həndəsi silsilə ilə artdıqca, resurslara olan tələbat da idarəolunmaz həddə çata bilər. Texnologiya nəhəngləri bu problemi həll etmək üçün artıq hərəkətə keçiblər. Su əvəzinə hava ilə soyutma və ya xüsusi maye soyutma sistemləri tətbiq edilir. İstifadə olunan suyun təmizlənərək yenidən dövriyyəyə qaytarılması üzərində işlənilir. Məlumat mərkəzlərinin su tələb etməyən bərpa olunan enerji mənbələrinə (günəş, külək) keçidi sürətlənir.

Süni intellekt su resursları üçün yeni bir yük olsa da, düzgün planlaşdırma və innovativ yanaşmalarla bu təhlükəni minimuma endirmək mümkündür.

Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Seçilən
20
azerbaijan-news.az

1Mənbələr