AZ

Göz görə görə məhvə tərk edilən abidə: Böyük Mərdəkan qəsri Biz demişdik

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son dövr müşahidə olunan intensiv yağışların təsiri nəticəsində 12 aprel tarixində Böyük Mərdəkan qəsrinin dam hissəsində və mərtəbələrarası döşəmə qatlarında çökmə halları qeydə alınıb. Bu məlumatı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti verib. Abidəyə baxış keçirilib və girişi müvəqqəti bağlanıb. Xəbərdə həmçinin deyilir ki, dam hissəsinin və daşıyıcı konstruksiyaların vəziyyəti qiymətləndirilərək müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub.

Biz hələ keçən ilin sentyabrında Mərdəkan qalasını ziyarət etmişdik. Bununla bağlı yazılar da hazırlamışdıq. Qeyd etmişdik ki, Mərdəkan qalası məhv olur: https://bizimyol.info/az/news/553885.html

Xatırlatmışdıq ki, qalanın daxilində olan vəziyyət acınacaqlıdır və turistlər üçün təhlükə mənbəyidir: https://bizimyol.info/az/news/553887.html

Amma təəssüf ki, bizi eşidən olmadı. Hər zamankı kimi aidiyyəti qurumların yadına vəziyyət gərginləşdikdən sonra düşür ki, durum pisdir və giriş məhdudlaşdırılsın.

Mərdəkan qalası / Foto: Oleq Boyko, Google

Qeyd edək ki, Mərdəkan qalası Abşeron yarımadasında yerləşən qədim müdafiə tikililərindən biridir. Qala əsasən XII–XIV əsrlərdə, feodal dövrdə tikilmiş və müdafiə məqsədi daşıyıb. Onun inşasında yerli əhəngdaşı istifadə olunub və qalın divarları hücumlara qarşı davamlı olub. Tarixçilərin fikrincə, qala həm müşahidə məntəqəsi, həm də sığınacaq kimi istifadə edilib. Bu gün isə Mərdəkan qalası Azərbaycanın tarixi-mədəni irsinin mühüm nümunələrindən biri hesab edilir.

Daim turistlərin diqqət mərkəzində olan bu qalanın son illər vəziyyəti heç də ürəkaçan deyildi. Qalada mərtəbələr arasında olan tavan-döşəmə sistemi tamamilə sıradan çıxmış, göyərçinlərin məskəninə çevrilmişdi. Mərtəbələr arasında yuxarıya çıxmaq üçün taxta parçaları atılmışdı.

Qalanın dam örtüyü isə, sadəcə, keçmişdən qalan beton parçalarına “tutunmuşdu”. Yağan yağışların olmayanı yox etməsi isə qeyri-adi hal deyil. Bəlkə bundan sonra qala ciddi şəkildə təmir edilər.

Biz qalada olduğumuz zaman çox sayda turist qalanı ziyarət etməyə gəlmişdi. Yəni Mərdəkan qalası turistlərin ziyarət edəcəyi ilk tarixi abidələrdən biridir. Qalanın baxımsız qalmasının məsuliyyətini isə elə xəbəri yayan qurum daşıyır.

Qala həm də 2001-ci ildə Xəzər dənizinin başqa sahil müdafiə obyektləri ilə birlikdə UNESCO-nun Ümumdünya İrs siyahısına daxil edilib. Amma görünür, məqsəd qalanı qorumaq, yaşatmaq, tanıtmaq deyil, göz görə-görə məhv etməkdir.

Biz “demişdik” deməyi istəməzdik…

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
bizimyol.info

1Mənbələr