Yaxın Şərqdə geosiyasi gərginliyin artması son dövrlərdə qlobal enerji bazarının əsas müzakirə mövzularından birinə çevrilib. Xüsusilə ABŞ-İran qarşıdurmasının kəskinləşməsi və Hörmüz boğazı ətrafında yaranan risklər neft bazarında ciddi qiymət artımlarına səbəb olub. Bu proses nəticəsində "Brent" markalı neft bəzi dövrlərdə 100 dollar həddini keçib, hətta analitik ssenarilərdə 150-200 dollar aralığına qədər yüksəlmə ehtimalı da müzakirə olunub. Nəticədə Azərbaycan üçün əsas ixrac məhsulu olan "Azeri Light" neftinin qiymətində də kəskin artım müşahidə edilib və qiymətlər qısa müddətdə 50 faizdən çox yüksəlib. Hazırda Azərbaycan neftinin qiyməti 118 dolları keçib. Belə ki, İtaliyanın Auqusta limanında "Azeri Light" markalı Azərbaycan neftinin CIF bazasında qiyməti 118,56 ABŞ dolları təşkil edib. Azərbaycanın 2026-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti isə 65 ABŞ dolları səviyyəsində hesablanıb. Göründüyü kimi, neft qiymətlərində hazırda müşahidə olunan kəskin artım dövlət büdcəsində nəzərdə tutulan baza qiymətlə faktiki bazar qiyməti arasında əhəmiyyətli fərq yaradır.
Mövzu ilə bağlı iqtisadçılar hesab edirlər ki, bu fərq qısa müddətdə ölkənin ixrac gəlirlərinin və valyuta daxilolmalarının artmasına müsbət təsir göstərsə də, onun dövlət büdcəsinə birbaşa və avtomatik şəkildə ötürülməsi mexaniki xarakter daşımır. Çünki büdcə gəlirləri yalnız neftin satış qiymətindən deyil, həm də hasilat həcmləri, müqavilə şərtləri, əməliyyat xərcləri və vergi mexanizmlərindən asılı olaraq formalaşır.
Day.Az xəbər verir ki, iqtisadçı Eldəniz Əmirov Trend-ə açıqlamasında bildirib ki, neftin bahalaşması qısamüddətli və uzunmüddətli dövrlərdə fərqli iqtisadi təsirlər yaradır. Onun sözlərinə görə, qısamüddətli dövrdə bu artım Azərbaycanın ixrac gəlirlərini və büdcə daxilolmalarını yüksəltsə də, uzunmüddətli perspektivdə idxaldan asılı iqtisadiyyatlarda inflyasiyanı sürətləndirir və bu da əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir: "Ümumi kontekstdə neftin hər 10 dollar bahalaşması dövlət büdcəsinə təxminən 400 milyon manat əlavə vəsaitin daxil olmasına səbəb olur. Ötən il Azərbaycan orta hesabla 23 milyon ton neft ixrac edib ki, bu da 169 milyon barel deməkdir və bu göstəriciyə əsasən hər 10 dollarlıq artım ixrac gəlirlərini təxminən 1,7 milyard dollar artırır".

Eldəniz Əmirov əlavə edib ki, əgər neft nəzərdə tutulandan 40 dollar baha satılırsa, bu artıq 7 milyard dollara yaxın əlavə gəlir deməkdir: "Bu da təbii ki, ölkənin valyuta ehtiyatlarının artmasına xidmət edir. Dövlət Neft Fondunun hazırda valyuta ehtiyatları 74,5 milyard dollardır, Mərkəzi Bankın valyuta ehtiyatları isə 11,6 milyard dollardır. Bunları topladıqda ölkənin strateji valyuta ehtiyatlarının 85,1 milyard dollar olduğunu deyə bilərik".
İqtisadçı hesab edir ki, neft qiymətlərinin artması ilin sonuna doğru Azərbaycanın valyuta ehtiyatlarının daha da yüksəlməsinə şərait yarada bilər. Bununla yanaşı, o vurğulayıb ki, qiymət artımları inflyasiya prosesinə də təsir göstərir. Onun sözlərinə görə, bu təsir yalnız Azərbaycanla məhdudlaşmır: "Dünyada neft qiymətinin hər 10% artımı inflyasiya göstəricilərinə 0,5 faiz bəndi mənfi təsir göstərir".
İlkin hesablamalara görə, 2026-cı ilin ilk rübündə neft gəlirləri təxminən 20 faiz artıb və bu artım ümumilikdə 360 milyon manat əlavə gəlir deməkdir. Bu isə göstərir ki, qiymətlərin kəskin yüksəlməsinə baxmayaraq, fiskal təsir nisbətən məhdud qalır. Bu gəlirlərin idarə olunmasında əsas rol Azərbaycan Dövlət Neft Fondu tərəfindən həyata keçirilir. Neft qiymətləri artdıqda yaranan əlavə gəlirlərin böyük hissəsi birbaşa büdcəyə yönəldilmir, fonda toplanaraq gələcək dövrlər üçün ehtiyat kimi saxlanılır. Bu mexanizm dövlət xərclərinin sabit saxlanmasına və iqtisadiyyatın neft qiymətlərindəki kəskin dəyişikliklərdən qorunmasına imkan yaradır.
Mövzu ilə bağlı iqtisadçı İlham Şaban isə Trend-ə açıqlamasında bildirib ki, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir.
İ. Şaban qeyd edib ki, Azərbaycanda neft hasilatının azalması prosesi davam edir: "Mövcud şəraitdə qiymət artımının bu azalmanı müəyyən qədər kompensasiya etməsi belə, Azərbaycan üçün müsbət amil - müəyyən mənada dividend kimi qiymətləndirilə bilər".

Onun sözlərinə görə, əsas benefisiarlar nəqliyyat və logistika şirkətləri, həmçinin sığorta və kredit təşkilatlarıdır. İqtisadçı neft qiymətlərində artımın hasilatçı şirkətlərin gəlirlərinə təsirinin şişirdilməməsini tövsiyə edib: "Birmənalı şəkildə demək olmaz ki, neft qiymətlərinin artımı dövlət büdcəsinə neft sektorundan daxil olan vergilərin eyni nisbətdə, məsələn ikiqat artmasına səbəb olacaq. Daha dəqiq desək, qiymət artımı fonunda büdcəyə transfert və ödənişlərin artacağı şübhəsizdir, lakin bu artımın konkret həcmini yalnız birinci rüb üzrə statistik göstəricilər açıqlanandan sonra müəyyən etmək mümkün olacaq. Çünki şirkətlərin nefti daha yüksək qiymətə satması o demək deyil ki, onların büdcəyə ödədiyi vergilər də eyni proporsiyada artacaq".
İ. Şaban bildirib ki, digər tərəfdən, birinci rübdə şirkətlərin xərclərinin səviyyəsi də hələ məlum deyil və bu amil mənfəət vergisi üzrə ödənişlərin həcminə birbaşa təsir göstərir.
Beynəlxalq təşkilatların qiymətləndirmələri də Azərbaycanın bu prosesdən müsbət təsir alan ölkələr sırasında olduğunu göstərir. Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) hesablamalarına görə, enerji qiymətlərinin artması nəticəsində Azərbaycan kimi ixracatçı ölkələrdə enerji ticarəti profisiti ÜDM-in 11-39 faizi səviyyəsinə qədər yüksələ bilər. Bu isə ölkənin xarici valyuta gəlirlərinin əhəmiyyətli dərəcədə artması deməkdir.
Beynəlxalq Valyuta Fondu (IMF) da oxşar yanaşma ortaya qoyaraq bildirir ki, geosiyasi risklər enerji ixracatçı ölkələr üçün qısamüddətli dövrdə gəlir artımı yaratsa da, ümumi makroiqtisadi balansı gücləndirə bilər. Bu kontekstdə Azərbaycan xarici balansı yaxşılaşan və fiskal dayanıqlığı artan ölkələrdən biri kimi qiymətləndirilir.
Beynəlxalq Enerji Agentliyi (İEA) isə neft bazarı ilə bağlı iki əsas ssenari təqdim edir. Orta ssenariyə görə, 2026-cı ilin ikinci yarısından etibarən bazar tədricən profisitə keçir və qiymətlər stabilləşir. Daha pessimist ssenaridə isə uzunmüddətli təchizat pozuntuları nəticəsində neft qiymətlərinin 150-200 dollar aralığına qədər yüksəlməsi mümkündür. Bu isə Azərbaycanın gəlir imkanlarını artırsa da, eyni zamanda yüksək volatillik riskini də gücləndirir.
"Fitch Ratings"in qiymətləndirmələrinə görə, Yaxın Şərqdə gərginliyin artması hətta qısa müddətli olsa belə, enerji ixracatçı ölkələr üçün fiskal mövqenin güclənməsi və valyuta ehtiyatlarının artması ilə nəticələnə bilər. Bu amil Azərbaycanın kredit risk profili baxımından da müsbət siqnal kimi dəyərləndirilir.
Digər tərəfdən, "ING Group"un analitikləri qeyd edirlər ki, enerji qiymətlərinin artması inflyasiya təzyiqləri yaratsa da, ixrac gəlirlərinin və valyuta daxilolmalarının artması bu təzyiqi qismən kompensasiya edir. Azərbaycanda inflyasiya əsasən 5-6 faiz aralığında qalır və daxili enerji qiymətlərinin sabit saxlanılması bu sabitliyin qorunmasına kömək edir.
Ümumilikdə, Yaxın Şərqdəki geosiyasi gərginlik Azərbaycan üçün qlobal risk elementi olsa da, iqtisadi baxımdan daha çox imkan yaradan bir prosesə çevrilir. Neft qiymətlərinin təxminən 50 faiz artması, ixrac gəlirlərinin yüksəlməsi, valyuta daxilolmalarının güclənməsi və fiskal ehtiyatların artması ölkənin makroiqtisadi dayanıqlığını möhkəmləndirir. Əsas həlledici amil isə bu əlavə gəlirlərin necə idarə olunmasıdır, çünki uzunmüddətli sabitlik məhz bu resursların səmərəli şəkildə yönləndirilməsindən asılıdır.