Azərbaycanda pensiya sisteminin modernləşdirilməsi istiqamətində son illər müxtəlif islahat təşəbbüsləri gündəmə gətirilir. Bu çərçivədə özəl pensiya fondlarının yaradılması və vətəndaşlara təqaüdlərini istədikləri bank vasitəsilə əldə etmək imkanı verilməsi məsələsi də müzakirə olunur. Lakin bu yeniliklərin tətbiqi üçün hüquqi və institusional bazanın nə dərəcədə hazır olduğu hələ də mübahisə doğurur.
Bəs bu dəyişikliklərin 2026-cı ilin sonuna qədər reallaşdırılması nə dərəcədə mümkündür?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu təşəbbüslərin yaxın müddətdə həyata keçirilməsi real görünmür.

“Bunun əsas səbəbi qanunvericilik bazasının hələ tam formalaşmamasıdır.
Müvafiq qanun layihəsi hələ Milli Məclisdə müzakirələrdən keçməyib və oxunuş mərhələlərini tamamlamayıb. Qanunun nə vaxt qüvvəyə minəcəyi də məlum deyil. Bu baxımdan özəl pensiya fondlarının fəaliyyətə başlaması və yeni mexanizmlərin tətbiqi ilin sonuna qədər mümkün görünmür”.
Ekspert hesab edir ki, belə genişmiqyaslı islahatların həyata keçirilməsi üçün yalnız qanunun qəbul edilməsi kifayət etmir, eyni zamanda institusional hazırlıq, maliyyə mexanizmlərinin qurulması və ictimai maarifləndirmə də vacibdir.
Beləliklə, pensiya sistemində nəzərdə tutulan yeniliklərin tətbiqi istiqamətində proses davam etsə də, yaxın perspektivdə konkret nəticələrin əldə olunması hələlik sual altındadır.
Aynurə İsmayıl
KONKRET.az