Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin aparıcı loqopedi Aygün Ələkbərova nitq inkişafında çətinlik yaşayan uşaqlarla bağlı mühüm tövsiyələr verib.
News365.az xəbər verir ki, o, Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı çıxış edib.
Mütəxəssis bildirib ki, nitq qüsuru olan uşaqlarla işə ilk mərhələdə mütləq fərdi yanaşma ilə başlamaq daha səmərəlidir. Onun sözlərinə görə, fərdi məşğələlər uşağın inkişaf səviyyəsinə uyğun şəkildə qurulduqda daha yaxşı nəticə verir.
Aygün Ələkbərova qeyd edib ki, fərdi dərslərlə yanaşı adaptiv fiziki və praktik məşğələlərin də tətbiqi uşağın ümumi inkişafına müsbət təsir göstərir. O, fərdi məşğələlərin optimal müddətinin təxminən 30 dəqiqə olduğunu vurğulayıb.
Loqopedin sözlərinə görə, uşağın nitqində irəliləyiş müşahidə olunduqdan sonra qrup məşğələlərinə keçid mümkündür. Bu mərhələdə əsas məqsəd uşağın sosial bacarıqlarının inkişaf etdirilməsidir.
O əlavə edib ki, qrup məşğələləri zamanı uşaqların ünsiyyət qurma, dialoqa girmə və sosiallaşma bacarıqları gücləndirilir.
Mütəxəssis həmçinin vurğulayıb ki, qrup dərslərində uşaqların nitq səviyyəsi uyğun seçilməlidir. Ağır nitq qüsurları olan uşaqlar üçün isə fərdi məşğələlərin davam etdirilməsi daha məqsədəuyğun hesab olunur.