ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ermənistanı aprelin 17-də Moskvada keçiriləcək MDB ölkələri Xarici İşlər Nazirləri Şurasının iclasında xarici işlər nazirinin müavini Mnatsakan Safaryan təmsil edəcək.
“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Ani Badalyan belə deyib. “Biz orada Ermənistan xarici işlər nazirinin müavini Mnatsakan Safaryan səviyyəsində iştirak edəcəyik”, - deyə Badalyan bildirib. Mnatsakan Safaryanın sammitdəki iştirakı Ermənistanın MDB-dəki fəaliyyəti ilə bağlı hər hansı problemin olmadığını, qurumdaxili münasibətlərin qaydasında olması təsirini bağışlaya bilər. Lakin Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvaya səfəri ləğv edərək, öz yerinə müavinini göndərməsi diqqəti cəlb edir.
İlk baxışdan, bu, adi protokol qaydası olsa da, Mirzoyanın eyni vaxtda Rusiyanın deyil, Avropa İttifaqının paytaxtına səfər etməsi Ermənistanın xarici siyasət vektorunu Qərbə doğru dəyişməkdə maraqlı olduğunu göstərir. Yəni Nikol Paşinyan hakimiyyəti Rusiyanın təşəbbüskarl və təsisçisi olduğu birlikləriAvropa İttifaqına inteqrasiya ilə əvəzləməyə çalışır.
Ermənistanın xarici işlər naziri Brüsseldə Avropa İttifaqının xarici işlər üzrə ali komissarı Kaya Kallasla görüşüb. Tərəflər Ermənistan-Aİ strateji tərəfdaşlıq gündəliyinin ardıcıl şəkildə həyata keçirilməsini müzakirə ediblər. Diplomatlar may ayında İrəvanda keçiriləcək Ermənistan-Avropa İttifaqı sammitinə hazırlıq işlərinə xüsusi diqqət yetiriblər. Bundan başqa, Mirzoyan və Kallas iqtisadi və nəqliyyat əlaqələrinin, eləcə də enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı faydalı proqramların həyata keçirilməsinin vacibliyini qeyd ediblər. Ermənistan XİN rəhbəri Brüsseldə həm də Avropa İttifaqının müdafiə və kosmos üzrə komissarı Endryus Kyubilslə görüşüb.
Bütün bunlar Ermənistanın perspektivdə Müstəqil Dövlətlər Birliyi, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Təşkilatı kimi qurumlardan uzaqlaşaraq Avropa İttifaqına inteqrasiya etməyə üstünlük verdiyini bir daha təsdiq edir. Çünki prosedur belədir və Ermənistan adları çəkilən təşkilatların sıralarında qaldığı halda Avropa İttifaqına üzvlük statusu qazana və bu birliyə daxil ola bilməz. Ona görə də Avropa İttifaqı Ermənistandan AİB, KTMT və MDB-dən çıxmağı tələb edir.
Rusiya tərəfi də Ermənistana sözügedən təşkilatlarla yanaşı, Avropa İttifaqına üzvlüyün qeyri-mümkün olması barədə dəfələrlə xəbərdarlıq edib. Bu baxımdan, iyun ayında keçiriləcək parlament seçkilərindən sonra Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətində daha ciddi addımlar atacağı istisna edilmir. Son vaxtlar Ermənistanın Moldovadan sonra MDB-dən çıxacaq növbəti dövlət olacağı barədə proqnozlar da buradan qaynaqlanır.
Qeyd edək ki, indiyə qədər MDB-ni 3 ölkə-Gürcüstanm, Ukrayna və Moldova tərk edib. Hər üç ölkə Avropa İttifaqının Assosiasiya Sazişini imzalayıb. Ermənistan isə 2017-ci ilin noyabr ayında Avropa İttifaqı ilə Hərtərəfli Strateji Tərəfdaşlığa dair saziş imzalayıb. Ötən il isə Ermənistan parlamenti Avropa İttifaqına üzvlüklə bağlı qərar qəbul edib. Bütün bu proseslər Ermənistanı MDB-dən çıxan dördüncü ölkəyə çevirə bilər.
Aprelin 1-2-də Baş nazir Nikol Paşinyanın Rusiyaya rəsmi səfəri zamanı prezident Vladimir Putinlə apardığı danışıqların gərgin keçməsi, xüsusilə də seçkilərə münasibətdə Moskvanın dəstəyini ala bilməməsi Kremllə fikir ayrılığını daha da artırıb. Aprelin 14-də Avropa İttifaqının səfirlərinin Brüsseldə parlament seçkilərində Ermənistana qarşı hibrid təhdidlərin qarşısını almaq üçün yeni mülki missiya göndərmək qərarını təsdiqləməsi Rusiyanın müdaxiləsinin qarşısını almağa hesablanıb. Bu isə Ermənistanda Rusiya-Avropa qarşıdurmasını daha dərin mərhələyə keçirə bilər.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Açar sözlər:
Ermənistan MDB
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.