AZ

DİQQƏT: Azərbaycanda bu ixtisas tam ödənişsiz ola bilər

Azərbaycanda ali təhsil müəssisələrində pedaqoji ixtisasların dövlət sifarişi əsasında tam ödənişsiz təşkili məsələsi yenidən müzakirə mövzusuna çevrilib. Təhsil sahəsində keyfiyyətin artırılması, müəllim hazırlığının gücləndirilməsi və qəbul prosesində rəqabətin yüksəldilməsi baxımından bu yanaşmanın nə dərəcədə doğru olduğu sual doğurur.

Bəs, ali təhsil müəssisələrində pedaqoji ixtisasların tam şəkildə dövlət sifarişi əsasında (ödənişsiz) təşkili nə dərəcə də düzgündür?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, pedaqoji ixtisaslarda oxuyan tələbələrin keyfiyyəti birbaşa ali təhsil müəssisələrindən başlayır.

Təhsil

Onun sözlərinə görə, hazırda bəzi müəllimlik ixtisaslarında keçid ballarının aşağı olması arzuolunan vəziyyət deyil:

“Bu gün DİM-in qəbul nəticələrinə baxdıqda görürük ki, bəzi pedaqoji ixtisaslara 700 ballıq sistem üzrə 250-300 bal toplayan abituriyentlər qəbul olunur. Halbuki müəllimlik peşəsi yüksək potensial və bilik tələb edir. Daha yüksək nəticə göstərən gənclərin bu sahəyə yönəlməsi vacibdir.”

Ekspert beynəlxalq təcrübəyə də diqqət çəkərək Sinqapur modelini nümunə göstərib.

“Həmin ölkədə pedaqoji ixtisaslar ən prestijli sahələrdən biri hesab olunur və ən yüksək bal toplayan abituriyentlər arasında ciddi rəqabət müşahidə edilir. Bu isə gələcəkdə müəllimlərin keyfiyyətinə birbaşa təsir edir.”

R.Nurəliyev hesab edir ki, Azərbaycanda da pedaqoji ixtisasların keyfiyyətini artırmaq üçün struktur dəyişikliklərinə ehtiyac var. O, xüsusilə özəl ali təhsil müəssisələrində bu ixtisasların tədrisinin məhdudlaşdırılmasını təklif edir:

“Bir çox özəl universitetlərdən pedaqoji ixtisasları müvəqqəti çıxarmaq lazımdır. Əgər həmin müəssisələr özlərini doğruldarsa, sonradan yenidən bu ixtisaslara yer verilə bilər.

Pedaqoji ixtisaslar əsasən dövlət ali təhsil müəssisələrində – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dillər Universiteti və Bakı Slavyan Universitetində saxlanılmalı və tam dövlət sifarişi əsasında həyata keçirilməlidir. Ödənişli əsaslarla qəbulun aradan qaldırılması keçid ballarına da müsbət təsir edəcək. Ödənişli qəbul ləğv edilərsə, bu ixtisaslarda rəqabət artacaq və keçid ballarında yüksəliş müşahidə olunacaq. Nəticədə daha yüksək bal toplayan, daha hazırlıqlı gənclər müəllimlik ixtisasını seçəcək.”

R.Nurəliyev əlavə edib ki, yüksək bal toplayan tələbələrlə aşağı nəticə göstərənlər arasında fərq sonradan da özünü göstərir:

“Bunu həm müəllimlərin işə qəbulu (MİQ), həm də sertifikasiya imtahanlarında aydın görürük. Statistika göstərir ki, yüksək bal toplayanların nəticələri daha yaxşı olur.
Pedaqoji ixtisasların tam dövlət sifarişi əsasında təşkili gələcəkdə təhsil sistemində keyfiyyətin yüksəlməsinə xidmət edə bilər. Bu sahəni bitirənlər birbaşa təhsil müəssisələrində çalışacaqlar. Ona görə də onların hazırlıq səviyyəsi yüksək olmalıdır.”

Beləliklə, pedaqoji ixtisasların ödənişsiz əsaslarla təşkili məsələsi yalnız sosial dəstək deyil, həm də təhsilin keyfiyyətinə yönəlmiş strateji addım kimi qiymətləndirilir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
35
1
konkret.az

2Mənbələr