AZ

İrana qarşı müharibə Ukraynanı “vurub” – Ölkə müdafiəsiz qalma təhlükəsi ilə üz-üzə


Ukraynada Yaxın Şərqdəki müharibə səbəbindən hava hücumundan müdafiə sistemləri üçün raketlərlə bağlı ağır vəziyyət yaranıb. Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ZDF telekanalına müsahibəsində deyib. O qeyd edib ki, müharibə daha uzun davam etsə, Ukraynanın silahı daha az olacaq. Ukraynada hazırda “Patriot” hava hücumundan müdafiə sistemləri çatışmır, vəziyyət bundan da pis ola bilməz.

Siyasi-hərbi ekspertlər hesab edir ki, Zelenskinin bu açıqlaması əslində gözlənilməz deyil və ABŞ-İran müharibəsinin Ukraynanı “vuracağı” gözlənilən idi. Bunun səbəblərindən biri odur ki, Ukrayna ilə Yaxın Şərqdə, xüsusilə ABŞ, İsrail-İran eskalasiyasında istifadə olunan hava hücumundan müdafiə sistemləri əsasən eyni istehsalçılardır.

Digər səbəb istehsal məhdudiyyətlərinin olmasıdır. Məlumdur ki, Qərb ölkələrinin raket istehsal gücü uzun illər sülh dövrünə uyğun planlaşdırılıb. Birdən-birə iki böyük regionda intensiv müharibə olanda tələbat təklifi üstələyir.

Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket çatışmamazılığı ilə üzləşməsi həm də bundan qaynaqlanır ki, ABŞ Yaxın Şərqdəki müttəfiqlərini, İsraili və körfəz ölkələrindəki hərbi bazalarını İranın raket hücumlarından qorumaq üçün çox böyük həcmdə raket istifadə etdi və bu gün də ehtiyat toplanır. Nəticədə Ukraynaya raket təchizatı azaldılıb.

Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün əsas raket mənbələri ABŞ istehsalı olan “Patriot” sistemləri üçün raketlər (PAC-2, PAC-3), NASAMS üçün AIM-120 AMRAAM raketləridir.
Eyni zamanda NATO üzvü olan Almaniya, Norveç, Niderland, Farnsa kimi ölkələr vasitəsilə IRIS-T, NASAMS, SAMP T və digər raketlər də Ukraynanın hava hücumundan müdafiə sistemləri üçün raket təchizatında çıxış edir.

Yaxın Şərqdə müharibə vəziyyətində ABŞ öz sistemlərini və raketlərini İsrail və regiondakı bazalarının müdafiəsinə yönəldir. Ona görə də eyni “Patriot” və digər sistemlər üçün raketlər artıq iki cəbhədə tələb olunur. İstehsal tempi isə istifadə olunanların yerini doldura bilmir. Bu vəziyyət Ukrayna üçün strateji risk yaradıb.

Ekspertlərin fikrincə, Ukraynanın hava hücumundan müdafiə raketləri tükənərsə Rusiyadan olan raket və dron hücumlarına qarşı müdafiədə ciddi problemlər qaçılmaz olacaq. Enerji infrastrukturu və şəhərlər daha çox risk altına düşəcək.

Zelenskinin dilə gətirdiyi problem bu mənada təsadüfi deyil və siqnaldır.

Etibar Seyidağa,
Musavat.com

 

Seçilən
16
musavat.com

1Mənbələr