AZ

“Sahibkarlığın inkişafı rifahın yüksəlməsində əsas amildir" - Aslan Əzimzadə

DOST TV-nin "Ekspert rəyi" verlişinin son buraxılışında  sahibkarlıq fəaliyyəti imkanları və maliyyə savadlılığı haqqında danışılıb.

QHT.az xəbər verir ki, Əmək və Əhəlin Sosial Müdafəyəsi Nazirliyi yanında, İctimai şuranın üzvü Aslan Əzimzadə verlişdə qonaq olub və çıxışı zamanı Təkcə bizdə deyil, ümumiyyətlə bütün dünyada kiçik və orta sahibkarlığın inkişafı əhalinin rifah səviyyəsinin yüksəlməsi baxımından çox vacib amil hesab olunması haqqında fikirlərini açıqlayıb.

"Ümumilikdə qeyd olunmalıdır ki, kiçik və orta sahibkarlıq iqtisadiyyatın əsas sütunlarından biridir. Bu, olduqca mühüm məsələdir. Burada müxtəlif aspektlər mövcuddur. İlk növbədə sosial tərəf var: sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi məşğulluğu artırır, xüsusilə regionlarla paytaxt şəhər arasında mövcud olan disproporasiyaların azalmasına səbəb olur.

Məsələnin iqtisadi tərəfi isə ondan ibarətdir ki, sahibkarlığın inkişafı ölkə iqtisadiyyatının ümumi inkişafını sürətləndirir. Xüsusilə tədqiqatlar çərçivəsində görünür ki, hazırda dördüncü sənaye inqilabı və altıncı texnoloji quruluş formalaşıb. Bu yeni texnoloji mərhələnin aparıcı istiqamətləri bio və nanotexnologiyalardır. Məhz bu texnologiyaları iqtisadiyyata tətbiq edə bilən ölkələr qabaqlayıcı iqtisadi inkişafa nail olurlar.

Bu istiqamətdə kiçik və orta sahibkarlığın rolu olduqca yüksəkdir. Müasir texnologiyaların iqtisadiyyata tətbiqi birbaşa sahibkarlıq sektoru vasitəsilə formalaşır və həmin sektorun real iqtisadiyyata yönəltdiyi investisiyalar texnologiya transferini təmin edir. Bu, sahibkarlıq sektorunun müsbət tərəfləri içərisində əsas istiqamətlərdən biridir.

Lakin bu prosesdə müəyyən çətinliklər də mövcuddur. Ən vacib məsələlərdən biri maliyyə resursları ilə bağlıdır. Güzəştli biznes kreditlərinin banklar tərəfindən verilməsi mühüm rol oynayır. Dövlət subsidiyaları və dövlət tərəfindən ayrılan kreditlər artan dinamika ilə inkişaf etsə də, burada əsas yük bank sektorunun üzərinə düşür.

Bank sektorunun başlıca funksiyası əmanətlərin investisiyalara transformasiyasını təmin etməkdir. Yəni bir tərəfdə borc verməyə hazır olan şəxslər, digər tərəfdə isə investisiya üçün vəsait almağa hazır olan sahibkarlar var. Bank bu iki tərəfi birləşdirən maliyyə vasitəçisi rolunu oynayır.

Bu baxımdan biznes kreditlərinin bütün sektorlar üzrə vahid və sabit faizlə tətbiq edilməsi tam səmərəli görünmür. Çünki müxtəlif sektorlar üzrə sahibkarların rentabellik və gəlirlilik dərəcələri fərqlidir. Məsələn, bəzi sahələrdə sərmayənin geri dönüşü daha uzun müddət tələb edir. Azərbaycanda aparılan hesablamalara əsasən sənaye sektorunda bu müddət orta hesabla 6 il, kənd təsərrüfatında isə 4 il təşkil edir.

Eyni zamanda sektorların gəlirlilik səviyyəsi də müxtəlifdir. Bəzi sahələrdə gəlirlilik 4 faiz, digərlərində isə 10 faiz ola bilər. Bu səbəbdən bütün sahələrə eyni faizlə kredit verilməsi bəzi hallarda maliyyə resurslarının səmərəsiz istifadəsinə gətirib çıxara bilər.

Bu baxımdan kreditlərin sektorların gəlirlilik dərəcəsinə uyğun diferensiallaşdırılması daha məqsədəuyğun hesab olunur. Xüsusilə İT, bio və nanotexnologiyalar kimi yüksək əlavə dəyər yaradan sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün daha aşağı faizli kreditlərin tətbiqi vacibdir.

Məsələn, Çin təcrübəsində 0,5 faiz və 1 faizlə verilən kreditlər sahibkarlığın ciddi şəkildə dəstəklənməsinə xidmət edir. Bu zaman əsas suallardan biri pul kütləsinin genişlənməsinin inflyasiya yaradıb-yaratmayacağıdır. Bu, çox mühüm məsələdir.

Lakin dünya təcrübəsi göstərir ki, pul kütləsinin genişlənməsi hər zaman inflyasiya yaratmır. Əsas məsələ həmin vəsaitin real sektora, xüsusilə əlavə dəyər yaradan texnologiya yönümlü sahələrə yönəldilməsi və bu prosesin izlənməsi mexanizminin qurulmasıdır.

Məsələn, ayrılan vəsaitin real sektora çatdırılması üçün blokçeyn texnologiyasından istifadə edilə bilər. Son araşdırmalar göstərir ki, bu metod artıq beynəlxalq maliyyə institutları, o cümlədən ABŞ-da JP Morgan tərəfindən də tətbiq olunur.

Nəticə etibarilə, ölkənin dayanıqlı inkişafı sahibkarlıq sektorunun və investisiyaların inkişafından birbaşa asılıdır. Burada əsas prioritet investisiyaların texnologiya və yüksək əlavə dəyər yaradan sahələrə yönəldilməsidir. Bunun üçün bank sektorunun, xüsusilə Mərkəzi Bankın pul kütləsinin genişlənməsində aktiv iştirakı və güclü nəzarət-izləmə mexanizminin qurulması mühüm əhəmiyyət daşıyır.

Eyni zamanda kredit faizlərinin sahibkarların fəaliyyət istiqamətinə, sektorun gəlirliliyinə və ölkə üçün prioritet sahələrə uyğun tənzimlənməsi daha effektiv nəticələr verə bilər. Bu sahədə Cənub-Şərqi Asiya ölkələri və Çin təcrübəsi uğurlu nümunələr kimi göstərilir.

Xüsusilə İT sektoru kimi strateji istiqamətlərdə, gəlirlilik yüksək olsa belə, kreditlərin yenə də aşağı faizlə verilməsi məqsədəuyğundur. Çünki bu sahələr iqtisadiyyatda yüksək əlavə dəyər yaradır və prioritet istiqamətlər hesab olunur.

Bundan başqa, İslam bankçılığı modeli də maraqlı yanaşma kimi diqqət çəkir. Faizsiz maliyyələşmə sistemində bank layihədə bir növ tərəfdaş kimi iştirak etdiyindən, vəsaitin həqiqətən real sektora yönəldilməsində daha maraqlı olur".

Seçilən
3
qht.az

1Mənbələr