AZ

Sayılı günlər qaldı:

İyunda Ermənistanda keçiriləcək parlament seçkiləri regionda diqqətlə izlənilir. Baş nazir Nikol Paşinyan və onun rəhbərlik etdiyi iqtidar komandası seçkilərə ciddi hazırlaşır. Metbuat.az xəbər verir ki, müxalifətin əsas fiqurlarından olan Robert Köçəryan da siyasi səhnədə fəallığını artırıb. Yerli və xarici mediada isə əsas müzakirə mövzularından biri Rusiyanın bu prosesdə mümkün rolu ilə bağlıdır. Hazırda hər kəsə bəllidir ki, Moskva Paşinyan hakimiyyətindən narazıdır. Bunun səbəbi İrəvanın son illərdə Qərbə doğru nəzərəçarpacaq dərəcədə meyllənməsidir. Kreml bunu Rusiyadan uzaqlaşma cəhdi kimi qiymətləndirir. Bu kontekstdə bəzi media orqanlarında Kremlə yaxın qüvvələrin Köçəryanı dəstəklədiyi və onu hakimiyyətə qaytarmaq istədiyi barədə iddialar irəli sürülür. Hətta daha da irəli gedərək, Rusiyanın İrəvanda çevriliş planı hazırladığını iddia edənlər də var. Politoloq Tural İsmayılov bu iddiaları Metbuat.az-a şərh edib. Tural İsmayılov bildirib ki, Ermənistanda iyunda keçiriləcək parlament seçkiləri təkcə daxili siyasi mübarizə deyil, həm də regionun geosiyasi balansı baxımından mühüm əhəmiyyət daşıyır. Poloitoloq qeyd edib ki, Rusiya üçün Ermənistan postsovet məkanında strateji müttəfiqdir və İrəvanın Qərbə yaxınlaşması Kremlin təsir dairəsinin daralması kimi qiymətləndirilir. Fotoda: politoloq Tural İsmayılovTural İsmayılovun sözlərinə görə, Robert Köçəryanın siyasi fəallığının artması və Kremlə yaxın dairələrin ona dəstək verdiyi barədə iddialar Moskvanın seçkilərə dolayı müdaxiləsi ehtimalını gündəmə gətirir: “Birbaşa çevriliş planı iddiaları daha çox siyasi ritorika xarakteri daşıyır. Rusiya adətən açıq müdaxilədən çox, təsir mexanizmləri - media, iqtisadi rıçaqlar və siyasi fiqurlar vasitəsilə öz maraqlarını qorumağa çalışır. Paşinyan üçün əsas çağırış həm daxildə sosial-iqtisadi narazılıqları cilovlamaq, həm də xarici siyasətdə balansı qorumaqdır. Ermənistan cəmiyyətində Qərbə inteqrasiya arzusu artsa da, təhlükəsizlik baxımından Rusiya ilə münasibətlər hələ də həyati əhəmiyyət daşıyır. Buna görə də Moskvanın Paşinyanı tamamilə devirmək planı real görünmür, amma seçkilərdə nəticələrə təsir göstərmək cəhdləri istisna edilmir.

Nəticə etibarilə, iyun seçkiləri Ermənistanın gələcək kursunu müəyyənləşdirəcək: ya Paşinyan Qərbə inteqrasiyanı davam etdirəcək, ya da Köçəryan kimi fiqurlar vasitəsilə Moskvanın təsiri güclənəcək. Region üçün bu seçkilər sadəcə daxili siyasi proses deyil, həm də böyük güclərin nüfuz mübarizəsinin növbəti mərhələsidir”.

Seçilən
10
metbuat.az

1Mənbələr