AZ

106 il əvvəlki hadisə təkrarlanır: Osmanlıdan sonra İran da bunu yaşaya bilər

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ bir tərəfdən İranla sərt ritorikanı qoruyub saxlayır, digər tərəfdən isə gərginliyin artmasının qarşısını almağa çalışır. Paralel olaraq Vaşinqtonla Tehran arasında danışıqlar davam edir.

Atəşkəs üçün razılaşdırılan müddətin başa çatmasından sonra ABŞ-ın hücumları davam etdirəcəyi, yoxsa İranla anlaşmaya nail ola biləcəyi məlum deyil.

ABŞ–İran müharibəsi davam edəcək? Danışıqlarda vəziyyət nə yerdədir?

Globalinfo.az-a danışan siyasi şərhçi Şəhla Cəlilzadə deyib ki, ABŞ və İsrailin İrana qarşı müharibəsində yeni bir mərhələyə – yarımçıq atəşkəs dövrünə keçid edilib:

“Belə ki, bu mərhələni tam atəşkəs adlandırmaq olmaz. Danışıqların getdiyi ilk günlərdən bəri İsrail İranın “bütün regionda atəşkəs” şərtinə məhəl qoymayaraq Livana hava zərbələrini və ərazi işğalını davam etdirməkdədir, İslamabadda danışıqların uğursuz başa çatmasından bəri isə Hörmüz boğazı, o cümlədən İranın bütün sahilləri ABŞ hərbi-dəniz qüvvələri tərəfindən blokadaya alınıb. İranın bu blokadanı yarmaq üçün hərbi-dəniz qüvvələri yetərli deyil, lakin hava hücumu üçün arsenalı qalmaqdadır. Odur ki, müharibənin davam edib-etməməsi bu mərhələdə əldə olunacaq razılaşmalara bağlıdır.

Bu mərhələyə gəlinməsi üçün həm İranın, həm də ABŞ-ın müəyyən güzəştləri oldu. Məsələn, ABŞ İsrailə Livanla danışıqlara getməsi üçün təzyiq etdi. Hazırda iki ölkə də dialoq aparır. “Hizbullah”ın tərksilahı müzakirə olunur. O cümlədən, həftəsonu ABŞ və İran arasında ya İslamabadda, ya da Cenevrədə danışıqların növbəti raundu olacaq. Bu danışıqlara ABŞ ciddi təkliflə gedir: İrana qarşı bütün sanksiyaların ləğvi və qarşılığında İranın nüvə proqramından tam imtina etməsi.

Əgər İran tərəfi sözügedən təklifi müsbət dəyərləndirərsə, ən məntiqə uyğun davranış bu olardı, hər iki tərəf qazan-qazan situasiyası elan edib yeni regional münasibətlər erasına qədəm qoyardılar. Əks təqdirdə, ABŞ Yaxın Şərqdə yeni regional münasibətləri silah gücünə təsis edəcək. Əgər İran belə bir ssenari ilə gedərək müharibəyə davam edərsə, bu, I Dünya müharibəsində Osmanlının məğlubiyyəti və 1920-ci ildə Sevr sazişini imzalamağ məcbur edilməsi kimi tarixi presedentin İranla bağlı yaşanmasına yol aça bilər. Belə ki, Sevr ilə Osmanlı İstanbul və Çanaqqala boğazlarına nəzarəti tam olaraq itirmişdi.

Türkiyə Cümhuriyyətinin 1923-cü il Lozanna sazişi ilə boğazlar üzərində suverenliyi tanınsa da, nəzarət beynəlxalq birlikdə qalmağa davam edirdi və yalnız 1936-cı il Montrö sazişi ilə, başqa sözlə Türkiyə və Qərb arasında razılaşma əsasında nəzarət Türkiyəyə qaytarılmışdı. Lakin bununla belə Türkiyənin boğazlardan beynəlxalq ticarət gəmilərinin keçidinə qadağa qoymasına icazə verilmir. Beləliklə, bütün beynəlxalq normaları, yazılı və yazılı olmayan qanunları tapdayan İran ABŞ-la razılığa gəlməzsə, tarixi presedent Hörmüz üzərində yaşana bilər.

ABŞ-ın “blokadanın blokadası” taktikası İranı danışıqlarda güzəştə vadar edəcək ciddi bir gedişdir. Bu, sadəcə Tehrana deyil, o cümlədən bu ölkəni dəstəkləyən Çinə də təzyiqdir. Odur ki, hazırda ABŞ və Çin arasında müvafiq məsələlərdə danışıqlar dəhlizi mövcuddur, həmçinin ABŞ Prezidenti Donald Trampın may ayında Çinə səfəri gözlənilir. Bu səfər yeni dünya nizamının yeni çərçivələrini müəyyən edəcəkdir”.

Turan Rzayev

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
globalinfo.az

1Mənbələr