AZ

Bakı dünyanın diqqət mərkəzində...

COP29-dan WUF13-ə

Davamlı multiregional xarici siyasət kursu beynəlxalq səviyyədə Azərbaycana böyük nüfuz qazandırıb. Ölkəmiz öz siyasətində bir qayda olaraq xoş məramdan çıxış edir, qarşılıqlı maraqları, beynəlxalq hüququ və  ədalət prinsipini önə çəkir. Eyni zamanda, respublikamızda möhkəm sabitlik, xalq-iqtidar həmrəyliyi mühiti var, cəmiyyət tarixdən gələn tolerantlıq ənənələrinə sadiqlik nümayiş etdirir.

Bütün bu kimi fərqli cəhətlər də Azərbaycanı dünyanın diqqət mərkəzinə gətirir. Beynəlxalq birliyin etimadının və inamının nəticəsidir ki, Azərbaycanın qısa müstəqillik tarixində respublikamız “Eurovision - 2012” mahnı yarışması, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, III MDB Oyunları kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bakıda müntəzəm qaydada Mədəniyyətlərarası dialoq forumları keçirilir. Prezident İlham Əliyevin təşəbbüsü ilə başlayan Bakı prosesi İslam ölkələrinin və Avropa İttifaqına (Aİ) daxil olan dövlətlərin yüksəksəviyyəli rəsmilərini bir araya gətirən nadir platformalardan biridir. 2024-cü ilin noyabr ayında Bakıda BMT-nin ən böyük tədbirlərindən biri -COP29 baş tutdu. Cari ilin may ayında isə paytaxtımız qlobal şəhərsalma forumunun qonaqlaarını qarşılayacaq...

Azərbaycanın ev sahibliyi etdiyi COP29-un tarixi nəticələri

COP29-a ev sahibliyi hüququnun Azərbaycana verilməsi də ölkəmizə və onun Liderinə beynəlxalq səviyyədə bəslənilən böyük etimadın göstəricisi idi. Respublikamızın mühüm beynəlxalq tədbirə hazırlaşması üçün cəmi bir il vaxtı var idi. Məsuliyyətli dövlət olan Azərbaycan tədbirə yüksək səviyyədə hazırlıqlar gördü və uğurla keçən tədbir ölkəmizin liderlik keyfiyyətlərini bir daha dünyanın diqqətinə çatdırdı. Tədbirdə iştirak etmək üçün 76 mindən çox iştirakçı qeydiyyatdan keçib, həmçinin 80 dövlət və hökumət başçısı Bakıya təşrif gətirib.  İştirakçıların böyük hissəsi, yəni 57 min 160 nəfər əcnəbilər olublar. COP29 çərçivəsində Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti təşkil olunub.

Hər şeyə müqayisədə daha obyektiv qiymət vermək mümkündür.  COP-la bağlı da qarşımızda iki nümunə var - Bakı (COP29) və Belem (COP30) nümunələri.  Bu iki nümunə bir-birindən kəskin şəkildə fərqlənir. Braziliyanın ev sahibliyi etdiyi tədbirdə yüksəksəviyyəli nümayəndələrin iştirakı əhəmiyyətli dərəcədə məhdud olub. Bundan başqa, tədbirdə  daxili ziddiyyətlərdən qaynaqlanan bir sıra problemlər yaşanıb, gündəlik dəqiq olmayıb, təşkilat komitəsi tez-tez dəyişib. Qonaqların yerləşdirlməsində də müəyyən çətinliklər yaşanıb. Konfransın son günündə baş verən yanğın da COP30-da qeydə alınan xoşagəlməz hadisələr sırasındadır.

Məsuliyyətli dövlət olan Azərbaycanın ev sahibliyi ilə keçirilən COP29 isə tarixə nümunəvi bir tədbir kimi düşüb. Azərbaycanın COP29-a yüksəksəviyyəli hazırlıqlar görməsi və Bakıda yaxşı nəticələrin əldə olunması Azərbaycanın gücünün və məsuliyyətinin təsdiqi ilə yanaşı, həm də ölkəmizin iqlim çağırışlarına çox həssas yanaşmasının bariz ifadəsidir. Respublikamız hər zaman öz gündəliyini qlobal çağırışlarla uzlaşdırıb. O cümlədən Azərbaycan  iqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışları dəstəkləyən və buna öz töhfələrini verən dövlətdir. Ölkəmiz 1995-ci ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasını (UNFCCC) təsdiqləyib. Respublikamız Milli Məclisin 18 iyul 2000-ci il tarixli Qərarı ilə Kioto Protokoluna qoşulub. Azərbaycan həmçinin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Paris Razılaşmasını imzalayıb.

Azərbaycanın müsbət reallıqları, həmçinin dövlətin qətiyyətli siyasi iradəsi COP29-da substantiv nəticələrin əldə olunmasına güclü şəkildə təsir göstərib.  Hər il inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon dollar iqlim maliyyəsini yönəltməyi nəzərdə tutan yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi (BMG) barədə razılığın əldə olunmasını COP29-un mühüm uğurlarından biri kimi dəyərləndirrmək mümkündür. Bakı Maliyyə Məqsədi, inkişaf etmiş ölkələrin 2035-ci ilə qədər inkişaf etməkdə olan dövlətlər üçün hər il ən azı 300 milyard dollar məbləğində vəsaitin səfərbər olunmasına rəhbərlik etməsini nəzərdə tutan əsas hədəfləri müəyyənləşdirir. Xatırladaq ki, bu göstərici əvvəllər 100 milyard dollar olub.  Eləcə də, COP29 çərçivəsində İtki və Zərər Fondunun tam şəkildə institutlaşdırılması böyük nailiyyətdir.

Ölkəmizin şəhərsalma təcrübəsi beynəlxalq müstəvidə

May ayında Bakıda təşkil ediləcək Ümumdünya Şəhərsalma Forumu Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda ilk dəfə keçiriləcək. COP29-dan sonra BMT-nin Ümumdünya Şəhər Forumuna (WUF13) ev sahibliyi hüququnun ölkəmizə verilməsini şərtləndirən ən mühüm amillərdən biri Azərbaycanın şəhərsalma, xüsusilə də işğaldan zərər çəkmiş ərazilərdə yaşayış məntəqələrinin bərpası sahəsində qazandığı təcrübəyə beynəlxalq səviyyədə marağın artmasıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev foruma hazırlıq çərçivəsində müxtəlif məkanlarda baş tutan beynəlxalq tədbirlərdə ölkəmizin təcrübəsini iştirakçıların diqqətinə çatdırıb. Komitə sədri respublikamızın əlçatan mənzil sahəsində əldə etdiyi təcrübəni, həmçinin “Yenidən və daha yaxşı qur” prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində həyata keçirilən yenidənqurma işlərini və əhalinin doğma torpaqlara qayıdışını təmin edən transformativ yanaşmaları iştirakçılarla bölüşüb.

2024-cü ilin əvvəlində təqdim olunan Bakı şəhərinin Baş Planı ölkəmizin müasir şəhərsalma çağırışlarına yanaşmasını aydın şəkildə nümayiş etdirir. Bakı şəhərinin 2040-cı ilə qədərki dövrdə inkişafına dair Baş Planında bir sıra mühüm prinsiplər əsas götürülüb. Sənəd yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədidir. Təqdimatda bildirildiyi kimi, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək.

Bu gün həmçinin Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə reallaşdırdığı bərpa modelini fəxrlə təqdim etmək mümkündür. Bu model dayanıqlılıq, ərazi reinteqrasiyası və insanyönümlü inkişaf prinsiplərinə əsaslanır. Qarabağ və Şərqi Zəngəzurdakı şəhər və kənd icmaları üçün kompleks Baş planlar hazırlanıb və həyata keçirilir.

Bütövlükdə, Ermənistanın işğal etdiyi və otuz il ərzində viran qoyduğu ərazilərimizdə 44 günlük Vətən müharibəsindəki Zəfərin ardınca innovativ yanaşmaların tətbiqi ilə həyatı yenidən canlandıran genişmiqyaslı bərpa-quruculuq işləri Azərbaycan dövlətinin memarlıq və şəhərsalmaya müfəssəl baxışını aydın nümayiş etdirir. “Böyük Qayıdışa dair I Dövlət Proqramına müvafiq qaydada “yaşıl enerji” zonası elan edilmiş bu ərazilərdə 2020-2025-ci illərdə - dünya memarlıq-inşaat təcrübəsində az rast gəlinən qısa bir müddətdə 100-dən artıq yaşayış məntəqəsi, o cümlədən 12 şəhər üzrə planlaşdırma sənədləri hazırlanıb və quruculuq işlərinə başlanıb.

BMT-dən yüksək qiymət

Azərbaycanın qlobal  şəhərsalma forumuna hazırlıqları BMT səviyyəsində  yüksək dəyərləndirilir. “Mən deyə bilərəm ki, Bakı WUF13-ə hazırdır. Azərbaycan tərəfindən üzv dövlətlərə təqdim edilmiş hesabat göstərir ki, bütün hazırlıq işləri yüksək səviyyədə aparılır. UN-Habitat yan tədbirlərə qeydiyyatları və iştirakları koordinasiya edir, artıq forumda iştirak üçün böyük maraq və tələb olduğu məlumdur. Bu, Bakıda şəhər problemlərini müzakirə etmək, praktiki təcrübələri, həll yollarını təqdim etmək və ekspert biliklərini paylaşmaq üçün beynəlxalq iştirakçılar üçün vacib platforma rolunu oynayacaq”, - deyə BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Anaklaudia Rossbax vurğulayıb.

A.Rossbax bildirib ki, WUF13 öncəsi keçirilən iclaslar və müzakirələr qlobal miqyasda şəhər və urbanizasiya məsələlərinə həsr olunmuş önəmli bir gün kimi qiymətləndirilə bilər. Fikirlərinə davam edən icraçı direktor vurğulayıb: “Biz 2016-cı ildə qəbul edilmiş “Yeni Şəhərsalma Gündəliyi”ni nəzərdən keçiririk, artıq 10 ildir ki, bu gündəlik icra olunur. Qarşıdakı 10 il üçün yeni hədəfləri müəyyən etməliyik”.

Mübariz FEYİZLİ

Seçilən
18
yeniazerbaycan.com

1Mənbələr