AZ

Alüminiumlu köşə

Saqqallı bir lətifə var. 3 qardaş olur, sonbeşik pəltək imiş. Bir gün ataları ölür, kişidən az-maz miras qalır, yığışıb müzakirə edirlər ki, görək bu pulla nə eləyək. Böyük qardaş deyir taxıl əkək. Sonbeşik kəkələməyə başlayır: “A-a-a-a...” Bunun sözünü bitirməyini gözləməyə hövsələləri çatmır, taxıl əkirlər. Həmin il quraqlıq olur, taxıl cücərti vaxtında yanıb məhv olur. Növbəti il yenə müzakirə başlayır, kiçik qardaş “a-a-a” eləyir, ortancıl deyir mal-qara alaq, heyvandarlıqda babat pul var. O il də, söz vaxtına çəkər, minillik normadan artıq yağış yağır, inəkləri sel aparır. Nəhayət üçüncü il qardaşlar fikirləşir ki, gözləyək görək bu sonbeşikdən bəlkə nəsə ağıllı söz çıxacaq. Sonbeşik deyir: “A-a-a-lüminum alıb təyyarə düzəldək, buradan rədd olaq gedək”.

Anekdot niyə yadıma düşüb, hökumətdən gizli deyil, sayın oxuculardan niyə gizli olsun, yazıram. Bugünlərdə rəhbərliyin qərarı ilə “Azərbaycan Alüminiumu” Açıq Səhmdar Cəmiyyəti ləğv olundu, yerində “Azəralüminium” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradıldı. Niyə bu qərar verildi, doğrusu, zəhmətkeşlərimizin heç bir informasiyası yoxdur. Alüminium istehsalı səmərəlidirmi, bunu da bilmirik, çünki əlimizdə olan rəsmi statistikadan nəticə çıxartmaq qeyri-mümkündür. O rəqəmlərə baxanda bir il istehsal artır, o biri il azalır, üçüncü il əvvəlki ilə nisbətən təzədən artır. Gəl indi anla. Çünki artım azalmaya nisbətdə baş vermişdisə, buna artım demək nə dərəcədə doğrudur? Məsəl üçün, hesab elə sən toyuq saxlayırsan, bir ay yalandan qaqqıldayır, lakin yumurtlamır, ikinci ay gücənib 2 yumurta doğursa, buna “aylıq 200 faiz artım” demək olmazmı? Lap əla olar. 

Yəni hazırkı vəziyyətdə bizə məlum deyil alüminiumumuz (əsl yanıltmaclıq sözdür, bunu deyənə qədər adamın ağzı alüminium qaşıq kimi əyilir) təyyarə qayırmağa bəs edir, ya etmir. Bəs eləsə yaxşı olardı, uçub, çıxıb gedərdik, hökumətin də canı dincələrdi bizim əlimizdən. Xərcimizi çox çəkirlər, sağ olsunlar. Uşaq pulu, pensiya, təqaüd, istipendiya, nə bilim, ölü pulu, diri pulu... 

Xalq saxlamaq, indiki dünyada, olduqca məsrəflidir. Hələ arada gərək bunları yığıb Həcc ziyarətinə də göndərəsən, o dünyalarını da verəsən, əlhəmdüllah. Yeri gəlmişkən, bəzilərinin uşağı başını bağlamasa dərsə də gedə bilmir. Təzəlikcə yenə məktəblərdən bu istiqamətdə cükküldəşmələr gəlirdi. Elmi cəhətdən isbat edilib ki, baş bağlı olanda onun içinə təhsil daha yaxşı girir. Gərək baş isti qalsın. Bu barədə qədim loğmanlardan hikmətli, şairanə hədis də vardır: “Başını isti saxla, Ayağını sərin, Yeməyinə fikir ver, Düşünmə dərin”. 

Həqiqətən, qarda-qışda corabsız gəzməyin insana müsbət təsirləri vardır, yoxlayın. Nəsə, söhbətdən uzaqlaşmayaq, yoxsa köşə uçar gedər. 

Alüminiumu “açıq cəmiyyət”dən məhdud cəmiyyətə çevirməyimiz bir qədər də başqa sferalardakı islahatları xatırladır. Hansısa dövlət idarəsini gah publik şəxs edirlər, gah komitəyə döndərirlər, gah agentlik olur, nə bilim, axırda nə qalır. Sanki idarəni qoymağa yer tapmırıq. Yuxarıda yazdığım kimi, hamısı xalq üçündür. İdarələri ora-bura fırladırıq ki, bəlkə nəsə tərpəniş oldu, zəhmətkeşlərin cibi doldu. Yeganə sabitqədəm qalmış idarə neft idarəsidir, orada neftin qiyməti istəyirsən yerdə sürünsün, istəyirsən göydə uçsun - idarəçilik forması qətiyyən dəyişilmir. 

Sonda bir daha sizə bildirmək istəyirəm: a-a-a...

Seçilən
0
5
musavat.com

6Mənbələr