AZ

Bakının olduğu “3+3 masası” risk altında

ABŞ-İran və Rusiya-Ukrayna hərbi münaqişəsi yekunlaşmadan, bu əməkdaşlıq platformasının uğurla fəaliyyəti mümkün deyil

Son dövrlərdə regional geosiyasi formatlar arasında 3+3 modeli (Rusiya, Azərbaycan, İran, Türkiyə, Gürcüstan, Ermənistan) kimi təqdim olunan əməkdaşlıq təşəbbüslərinin davamlılığı və effektivliyi ilə bağlı suallar artmaqdadır. Bu model ümumilikdə üç region ölkəsi ilə iki böyük xarici aktorun iştirakı əsasında qurulan qeyri-rəsmi dialoq və əməkdaşlıq platformasıdır. Məqsəd isə təhlükəsizlik, nəqliyyat dəhlizləri, enerji və iqtisadi inteqrasiyanın müzakirəsidir.

Böyük güclərin regionda təsir uğrunda rəqabəti bu tip formatlara birbaşa təsir göstərir. Hər bir xarici aktorun fərqli strateji gündəliyi olması ortaq qərarların qəbulunu çətinləşdirir. Modelin əsas risk xətti Cənubi Qafqazdakı əsas konfliktin hələ tam bağlanmamasıdır. Gürcüstanın 3+3 formatında iştirak etməməsinin əsas səbəbi 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik münasibətlərin kəsilməsidir. Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən "tanınması" Tiflisin Moskva ilə hər hansı formatda eyni masada oturmasını ciddi şəkildə məhdudlaşdırır. Azərbaycanla Ermənistan arasında sülh sazişinin gecikməsi bu platformada etimadı aşağı salır.

3+3 formatında xarici aktorların (xüsusilə Rusiya, İran, Türkiyə və dolayı Qərb təsiri) fərqli geosiyasi bloklara yaxınlığı qərarların uzlaşmasını çətinləşdirir. İranla müharibə isə nəinki bölgədə, ümumiyyətlə, dünyada dəngələri dəyişib.

O Keçmiş nazir - Medianews.az" />

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov  hesab edir ki, nə qədər ABŞ-İran, Rusiya-Ukrayna hərbi münaqişəsi yekunlaşmayıb,  bu  əməkdaşlıq platformasının uğurla fəaliyyəti mümkün deyil: “Rusiya və İranın iştirakını nəzərdə tutan 3+3 formatında uğurlu əməkdaşlıq o halda mümkün olar ki, hər iki dövlətin bölgəyə baxışlarında kirli ambisiyalar deyil, qarşılıqlı fayda əldə etməyə aparan əməkdaşlıq istəyi dayansın. Çox təəssüflər olsun ki, Cənubi Qafqaz respublikaları müstəqillik illərində belə bir sağlam istəyi nə İrandan, nə də Rusiyadan görə bildilər. Hər iki ölkənin bölgə baxışlarında Cənubi Qafqazda hegemonluq etmək və bu məqsədlə regionu müxtəlif kirli üsullardan istifadə edərək qarışdırmaq kimi niyyətlər ön planda oldu".

Xalq

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı Bəhruz Məhərrəmovun fikrincə, 3+3 formatı həm regional sabitlik, həm də iqtisadi inteqrasiya baxımdan mühüm perspektiv vəd etsə də, geosiyasi proseslərin bu formatın məsləhətləşmə platformasından daha irəli aparılmasına imkan vermədi: "Daha dəqiq desək, perspektiv nə qədər böyük olursa olsun, indiki məqamda 3+3 formatının reallaşması üçün ilk növbədə tərəflər arasında kompromisin əldə olunmasında ehtiva olunan diplomatik iradəyə ehtiyac duyulur. Məlumdur ki, bu günə qədər 3+3 formatının real mexanizmə çevrilməsi istiqamətində əsas əngəl kimi Gürcüstanın prosesə cəlb edilməsi üçün diplomatik həll yollarının tapılmaması, Ermənistanın regional layihələrdə məhz öz ucbatından konstruktiv iştirakına nail olunmaması, o cümlədən ayrı-ayrı dövrlərdə platforma subyektləri arasında müşahidə olunan gərginliklər çıxış edirdi. Son dövrlərdə isə İran və İsrail-ABŞ arasında hərbi qarşıdurma mərhələsinə qədəm qoyan gərginlik, habelə Rusiya-Ukrayna münaqişəsi fonunda Moskva ilə Qərb arasında artan fikir ayrılığı 3+3 platformasının realizəsi istiqamətində dolayısı ilə də olsa, əlavə əngəllərə çevrilib. Düzdür, qeyd olunan amillər ümumilikdə arzuolunan mənzərə formalaşdırmasa da, konseptual təhlil etsək, aydın formada görmək olar ki, bütövlükdə 3+3 formatının fiaskosu barədə düşünmək, yaxud bu istiqamətdə proqnoz vermək yanlış və tələskən qərar olar. İlk növbədə ondan başlayaq ki, hələ ideya olaraq irəli sürüldüyü andan etibarən 3+3 platformasının birbaşa uğurunun Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması və münasibətlərin tam normallaşmasından asılı olduğu bütün subyektlər tərəfindən qəbul edilmişdi. Bütün tərəflər istisnasız olaraq əmin idi ki, Azərbaycan və Ermənistan arasında etimad mühiti yaranarsa, 3+3 formatı regional təhlükəsizlik arxitekturasının əsas sütununa çevrilə bilər. Azərbaycanın Vətən müharibəsi və antiterror tədbirlərində qələbəsindən sonra məhz Prezident İlham Əliyevin təşəbbüsləri əsasında formalaşan sülh reallığı, xüsusən ötən il avqustun 8-də Vaşinqtonda Bakı və İrəvan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar edilməsinə dair Sazişin layihəsinin paraflanması ilə Azərbaycan və Ermənistan arasında de-fakto sülhün müşahidə olunması, həmçinin Azərbaycan ərazisindən tranzit məhdudiyyətinin qaldırılması ilə Ermənistana yüklərin, o cümlədən Azərbaycan mənşəli məhsulların daşınması artıq 3+3 formatı qarşısında əngəllərdən birini aradan qaldırmaq üzrə olduğu fonu formalaşdırır”. 

Deputatın sözlərinə görə, 3+3 formatının qarşısında əngəl kimi çıxış edən amillərdən digəri Gürcüstanın nümayiş etdirdiyi mövqedir: "Məlumdur ki, Tiflis Abxaziya və Cənubi Osetiyanın timsalında Rusiya ilə yaşadığı ərazi bütövlüyü problemləri fonunda cari formatda iştirakdan rəsmən imtina edir. Lakin o da sirr deyil ki, istisnasız olaraq Qərb formatına üstünlük verən əvvəlki gürcü iqtidarından fərqli olaraq İvanişvilinin komandası Moskva ilə münasibətlərdə sələfləri qədər sərt davranmır və əlaqələrin nizamlanması imkanı kimi yanaşmaqdan çəkinmir. Təbii ki, 3+3 formatına Gürcüstan-Rusiya münasibətlərinin tam normallaşması və Gürcüstanın ərazi bütövlüyünə aparan müstəvi kimi baxmaq sadəlövhlük olar, lakin istənilən halda bu platformanın dialoq baxımından əhəmiyyəti heç bir formada istisna edilə bilməz. Düzdür, regiondan kənar güclər, məsələn, ABŞ və Avropa İttifaqı 3+3 formatına, o cümlədən bu istiqamətdə Gürcüstanın maraqlarının təmininə şübhə ilə yanaşır, lakin ötən dövr ərzində müşahidə olunan proseslər onu deməyə əsas verir ki, bölgənin problemlərini elə region daxilində müzakirə və həll etmək daha effektivdir. Xüsusən regionun nəqliyyat habına çevrilməsi, o cümlədən enerji layihələrinin realizəsi fonunda Cənubi Qafqazın qlobal mühitdə çəkisinin artması bu reallığı daha da gücləndirir. Artıq aksiomadır ki, regionun enerji resurslarının təhlükəsiz daşınması və yeni infrastruktur layihələrinin ən effektiv müzakirəsi, habelə regionun tranzit əhəmiyyətinin artırılması istiqamətində vahid yanaşmanın nümayişi üçün 3+3 formatı, demək olar ki, alternativsiz görünür”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Seçilən
13
50
musavat.com

10Mənbələr