AZ

HƏQİQƏTİN VƏ İNTUİSİYANIN NURU 15 aprel Zərifə xanım Əliyevanın anım günüdür

ain.az bildirir, Azpolitika.az portalına istinadən.

Etibar ƏLİYEV

“Elmin cövhəri qızıl kimidir, köhnəldikcə təzələnir”. Əvhədi Marağayi 

Hər bir elm sahəsinin əsasını qoyanların adı və soyadı elm tarixinə qızıl hərflərlə yazılır. Akademik Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir. Oftalmologiya (qədim yunanca “göz”+ “elm”) gözün anatomiyası, fiziologiyası, patologiyasını öyrənən - müalicə və profilaktikasının metodunu işləyən tibbin sahəsidir. 

Zərifə Əliyeva görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu, ömrü boyu Qərbi Azərbaycan torpağının xiffətini çəkən, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbi olmuşdur. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyət, Ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşıdır. Elmin ən yüksək zirvəsinə çatmaq üçün mükəmməl təhsil almaq vacib şərtlərdən biridir. Rəhmətlik Əziz müəllimin nəhəng kitabxanasının olmasını söyləyirlər. Əlbəttə ki, kitabxana varsa, geniş mütaliə mütləqdir.

Zərifə xanım aldığı mükəmməl təhsil və qazandığı yüksək elmi dərəcələr sayəsində Azərbaycanda Oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər ərsəyə gətirmişdir. Elm tarixçisi, filosof Tomas Kuna görə elmi uğurların 3 mahiyyəti mövcudur.

- əldə edilmiş nəticələr həqiqəti ehtiva etməlidir;

- həqiqi nəticələrin əldə olunması ilə yanaşı, həm də həqiqətin aydın istiqaməti, dəqiq metodu və tədqiqatı işlənməlidir;

- əgər əldə olunmuş nəticələrdə həqiqət genişlənirsə, keçmiş biliklər şübhə altına alınmırsa, metodiki irəlililəyiş yaranırsa, elm proqressiv xarakter daşıyır.

Zərifə xanımın Bioqrafiyasında elmi yaradıcılığına diqqət edəndə bu üç mahiyyəti parlaq şəkildə görürük. Azərbaycan Prezidenti İlham Əliyev: “Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.”

Zərifə xanımın böyük zəhmət hesabına elmdə qazandığı uğurlar və Azərbaycanımız üçün iki ləyaqətli övladın böyüdülməsinə sərf etdiyi intellektual əmək bir-birini tamamlayıb.

Zərifə xanım nursuz gözlərə işıq paylamaq, Günəşin, Ayın hüsnünə, təbiətin çoxçalarlı rənglərinə, füsunkar gözəlliyinə həsrət qalan insanlara həyat eşqini qaytarmaq missiyasını üzərinə götürdü.

Texnologiyaların hələ inkişaf etmədiyi bir vaxtda oftalmologiya sahəsində uğurlu elmi tədqiqatların aparaılması həm də Zərifə xanımın intuisyasının mükəmməliyindən xəbər verir. Müasir dövrün həkimlərinin işinin əsas hissəsini texnologiyalar-cihazlar görür. Ötən əsrdə alimin əsas elmi aləti onun intuisiyası və bilikləri idi.

Fiziologiya və tibb sahəsində Nobel mükafatına layiq görülmüş, müasir transplantologiyanın banilərindən biri Piter Medavar yazır ki, elmdə qadınların intuisyası kişilərə nisbətən daha genişdir. Və onlar elmdə daha səxavətli olurlar. Professor Medavarın bu postulatı Zərifə xanım Əliyevanın timsalında özünü doğruldur. Təsadüfi deyildir ki, akademik Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrlarının hazırlanmasında tibb elminə böyük töhfələr vermişdir.

Ulu öndər Heydər Əliyev: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.” Unudulmaz Heydər Əliyevin bu dəyərli və məzmunlu fikri Zərifə xanımın həyatının fəlsəfəsidir.

O, «Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti» mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik M. İ. Averbax adına mükafata layiq görülməsi isə onun beynəlxalq elmi nüfuzunu təsdiqləməklə yanaşı, Azərbaycan elminin də yüksək səviyyədə tanınmasına xidmət edir.

Akademik Zərifə xanım Əliyevanın misilsiz ictimai fəaliyyəti dövrün humanizm hərakatına əvəzsiz töhfələr vermişdir. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, «Bilik» Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, həmçinin «Oftalmologiya xəbərləri» jurnalının Redaksiya heyətinin üzvü olmuşdur.

Akademik Zərifə xanım Əliyevanın həqiqətə xidmət edən aydın elmi irsi indiki tədqiqatçılar üçün əvəzsiz mənbədir. Və elm yolunda yorulmadan çalışmağın nümunəvi məktəbidir.

Allah rəhmət eləsin...

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
20
50
azpolitika.info

10Mənbələr