AZ

Azərbaycanın tibb tarixində böyük xidmətləri olan görkəmli alim 

Tarixi şəxsiyyətlər həm tarixdə yaşayır, həm də yaddaşlarda. Onlar ömrünü vətən, xalq, dövlət üçün yaşayanlardır. Belə şəxsiyyətlərdən biri də görkəmli oftalmoloq, akademik Zərifə Əziz qızı Əliyeva idi. O, yüksək insani keyfiyyətlərə, geniş erudisiyaya, yüksək təxəyyülə malik olan bir insan idi. 

Zərifə xanım Əliyeva göz xəstəliklərini araşdıran, tədqiq edən alim, insanlara nur verən həkim idi. Ötən əsrin 40-cı illərinin sonlarında Azərbay¬can¬da  yayılmış traxoma infeksion xəstəliyinin təbiətinin öyrənilməsi, ona qarşı mübarizə tədbirlərinin keçirilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Onun 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər tera¬piya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası da bu xəs¬təliklə mübarizə məsələlərini əhatə edirdi. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.

1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunan Zərifə xanım Əliyeva  burada çalışdığı bir çox cərrahiyə əməliyyatları aparmış, xəstələrə məsləhətlər vermişdir. Bununla yanaşı o, göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş də aparmışdır.

Tədqiqatlarında oftalmologiyanın bir sıra aktual məsələlərinə, o cümlədən, diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsinə xüsusi diqqət yetirən Zərifə xanım Əliyevanın elmi araşdırmalarında əsas yerlərdən birini də oftalmolo¬gi¬ya¬nın elmi cəhətdən az araşdırılmış sahəsi – görmə orqanının patologiyası tuturdu. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə yox, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin demək olar ki, elmi şəkildə tədqiq olunmaması ilə əlaqədar idi. 

Zərifə xanım Əliyeva “Azərbaycanın bir sıra kimya müəssi¬sə¬ləri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlik¬ləri İnstitutunda müdafiə etmişdi. Mütəxəssislərin elmi dəyərini yüksək qiymətləndirdiyi dissertasiya çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri əsasında yazılmışdı. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.

Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru, 1983-cü ildə həmin kafedranın müdiri seçilən professor Zərifə xanım Əliyevanın gör¬mə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə məqalələrinin tətbiqi bir sıra xəstəliklərin diferensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdi. Onun həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri bu məsələlərə həsr olunmuşdur.

Elmi araşdırmalar nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirmişdir. Alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Onun “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edib. 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə¬ri¬nin, 1 ixtira, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl¬lifi olan Zərifə xanım Əliyeva həm də fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab indi də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. 

Cəmiyyətin düşüncələrinin söz cəfakeşi olan akademik Zərifə Əliyeva gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə də qayğı ilə yanaşırdı. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir.

1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə xanım Əliyeva oftalmolo¬gi¬ya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.

Ulu Öndər Heydər Əliyev Zərifə Əliyeva ilə bağlı deyib: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də vəfat edib. Anım günündə biz bir daha Zərifə Əliyeva ehtiramla anır, işıqlı xatirəsini yad edirik. Qeyd edək ki, dövlət tərəfindən görkəmli alimin adının əbədiləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər cəmiyyətimiz tərəfindən razılıqla qarşılanır. 1946-cı ildən fəaliyyətə başlamış Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutu 2002-ci ildən fəaliyyətini akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi kimi davam etdirir.  2009-cu il mayın 22-də  Prezident İlham Əliyevin iştirakı ilə Milli Oftalmologiya Mərkəzinin yeni binasının açılışı olmuşdur. Dövlət başçısının müvafiq sərəncamı ilə 2023-cü ildə Zərifə xanım Əliyevanın 100 illik yubileyi yüksək səviyyədə qeyd olunub.

“Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir” —  deyə Prezident İlham Əliyev bildirmişdir.

Zərifə Əliyeva Azərbaycanın tibb tarixində böyük xidmətləri olan, oftalmologiyanın inkişafında silinməz iz qoyan böyük alimdir. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq.

Səbinə XASAYEVA, 

Milli Məclisin deputatı  

Seçilən
15
9
azerbaijan-news.az

10Mənbələr