AZ

"Ağıllı ev" sahibi olmağın üstünlükləri

Rahatlıq, təhlükəsizlik və qənaət

Müasir dünyada ev artıq, sadəcə, yaşamaq üçün məkan deyil, həm də rahatlıq, təhlükəsizlik və zaman idarəetməsinin mərkəzinə çevrilib. Texnologiyanın sürətli inkişafı ilə birlikdə "ağıllı ev" anlayışı gündəlik həyatın bir hissəsinə çevrilir və insanların həyat keyfiyyətini nəzərəçarpacaq dərəcədə yaxşılaşdırır. 

Bu anlayışın əsasında isə müxtəlif cihazların bir-biri ilə əlaqəli şəkildə işləməsi və istifadəçinin həyatını asanlaşdırması dayanır. Məsələn, "Google Home" və "Apple HomeKit" kimi platformalar vasitəsilə evdəki bir çox cihazı tək bir sistem üzərindən idarə etmək mümkündür.

"Ağıllı ev" texnologiyalarının əsas üstünlüklərindən biri gündəlik işləri avtomatlaşdırmaqdır. Səhər yuxudan oyanarkən pərdələrin açılması, işıqların tədricən yanması və qəhvə aparatının işə düşməsi artıq arzu deyil, real həyatın bir hissəsidir. Bu cür avtomatlaşdırılmış işlər insanın günə daha rahat başlamasına kömək edir və eyni zamanda vaxt itkisinin qarşısını alır. Axşam saatlarında isə işıqların yumşaq rejimə keçməsi, otaq temperaturunun ideal səviyyəyə gətirilməsi və televizorun öz-özünə açılması ev mühitində komfortu maksimum səviyyəyə çatdırır.

Rahatlıqla yanaşı, "ağıllı texnologiyalar" təhlükəsizlik baxımından da mühüm rol oynayır. "Ağıllı kameralar", hərəkət sensorları və qapı kilidləri ev sahiblərinə uzaqdan nəzarət imkanı yaradır. Bu gün artıq klassik açar anlayışı tədricən arxa plana keçir və onun yerini daha təhlükəsiz və praktik həllər tutur. Məsələn, barmaq izi ilə işləyən ağıllı kilidlər vasitəsilə qapını açmaq mümkündür və bu həm təhlükəsizlik, həm də rahatlıq baxımından böyük üstünlük yaradır. "August Smart Lock Pro" kimi cihazlar telefon və ya biometrik identifikasiya ilə qapıya nəzarəti mümkün edir. Eyni zamanda müasir "ağıllı qurğular" vasitəsilə qapıya gələn şəxsi uzaqdan görmək və onunla danışmaq da mümkündür.

"Ağıllı ev" texnologiyaları yalnız evdə olduğunuz zaman deyil, siz evə gəlməmişdən əvvəl də rahatlıq yaradır. Məsələn, işdən çıxarkən telefon vasitəsilə kondisioneri işə salmaq mümkündür ki, evə daxil olanda sizi artıq sərin və komfortlu hava qarşılasın. Bu, xüsusən yay aylarında komfort deməkdir. Eyni cür robot tozsoranlar da sizin evdə olmadığınız vaxtda işləyərək təmizliyi təmin edir. iRobot Roomba kimi cihazlar proqramlaşdırılmış saatlarda evi avtomatik təmizləyir və siz evə qayıdanda artıq təmiz mühitlə qarşılaşırsınız. Bu, gündəlik iş yükünü əhəmiyyətli dərəcədə azaldır.

Enerji səmərəliliyi də "ağıllı ev" texnologiyalarının ən vacib tərəflərindən biridir. Ənənəvi evlərdə enerji istifadəsi çox vaxt nəzarətsiz olur, lakin "ağıllı sistemlər" sayəsində bu proses optimallaşdırılır. Məsələn, Nest Learning Thermostat istifadəçinin gündəlik vərdişlərini öyrənərək temperaturu tənzimləyir və enerji sərfiyyatını azaldır. İşıqların boş otaqlarda sönməsi və ya müəyyən saatlarda aktivləşməsi də həm qənaət, həm də ekoloji baxımdan faydalıdır.

"Ağıllı ev" anlayışı yalnız böyük və bahalı sistemlərlə məhdudlaşmır. Bu texnologiyanı addım-addım, kiçik dəyişikliklərlə də tətbiq etmək mümkündür. Məsələn, "ağıllı lampalar", prizlər və ya səsli köməkçilər evdə texnologiya ilə rahatlıq yaratmağın ən sadə yollarındandır. "Amazon Echo" kimi cihazlar vasitəsilə səsli əmrlərlə işıqları yandırmaq, musiqini qoşmaq və ya gündəlik planı yoxlamaq mümkündür. Bu isə xüsusən məşğul insanlar üçün böyük rahatlıq yaradır.

Digər mühüm məqam isə fərdiləşdirmədir. "Ağıllı ev" sistemləri istifadəçinin həyat tərzinə uyğunlaşa bilir. Hər bir insanın gündəlik rutini fərqli olduğu üçün texnologiyanın da bu fərqliliyə uyğunlaşması vacibdir. Məsələn, səhər tezdən oyanan biri üçün sistem fərqli ssenarilər qurur, gec yatan biri üçün isə tamam başqa rejimlər tətbiq edilir. Hətta evdən çıxarkən bütün cihazların sönməsi, qapının kilidlənməsi və  təhlükəsizlik sisteminin aktivləşməsi kimi "bir toxunuşla idarə" funksiyaları gündəlik həyatı xeyli sadələşdirir.

Bununla yanaşı, "ağıllı texnologiyalar"ın psixoloji təsiri də diqqətəlayiqdir. Daha rahat, nizamlı və idarə olunan ev mühiti insanın stresini azaldır. Xüsusilə işdən yorğun qayıdan birinin artıq əvvəlcədən hazırlanmış - sərin, təmiz və işıqlı evə daxil olması onun əhvalına müsbət təsir göstərir. Evdə bütün cihazların sistemli işləməsi insan beynində nəzarət hissini artırır və gündəlik həyatı daha az yorucu edir.

Texnologiyanın bu qədər geniş imkanlarına baxmayaraq, ondan düzgün və balanslı istifadə etmək vacibdir. Həddindən artıq avtomatlaşdırma bəzən insanın texnologiyadan asılılığını artıra, hətta onu tənbəlləşdirə bilər. Buna görə də "ağıllı ev" qurarkən əsas məqsəd həyatın asanlaşdırılması olmalıdır, mürəkkəbləşdirilməsi yox. Sadə və effektiv həllər çox vaxt daha uğurlu nəticə verir.

"Ağıllı ev" texnologiyaları müasir həyatın ayrılmaz hissəsinə çevrilməkdədir. Onlar yalnız komfort yaratmır, həm də təhlükəsizlik, qənaət və psixoloji rahatlıq təmin edir. Barmaq izi ilə açılan qapılar, siz evə gəlməmişdən əvvəl işləyən kondisioner və təmizlik robotları artıq gələcəyin deyil, bu günün reallığıdır. Kiçik addımlarla belə bu texnologiyaları evə inteqrasiya etmək mümkündür və həmin dəyişikliklər gündəlik həyatın keyfiyyətinə ciddi təsir göstərir. Gələcəkdə isə bu sistemlərin daha da inkişaf edərək evləri tam avtomatlaşdırılmış və istifadəçiyə uyğunlaşan məkanlara çevirməsi qaçılmazdır.

Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr