AZ

"Vaşinqton atəşkəs təşəbbüsü ilə növbəti sərt addımlarını legitimləşdirir" -AÇIQLAMA

"ABŞ və İran arasındakı danışıqların nəticəsiz qalması, tərəflərin qarşılıqlı tələbləri və mövcud şərtlər daxilində gözlənilən bir ssenari idi. Bu görüş reallıqda hər iki tərəf üçün diplomatik manevr imkanlarını genişləndirmək məqsədi daşıyırdı. İran hərbi meydandakı fəallığını diplomatik masada mütləq üstünlüyə çevirməyə və özünü qalib tərəf kimi təqdim etməyə çalışır. Rəsmi Tehranın görüşdən sonra apardığı informasiya təbliğatı da məhz bu mövqeyi qətiləşdirməyə və psixoloji üstünlük qazanmağa yönəlib".

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Asif Nərimanlı bildirdi. Onun sözlərinə görə, ABŞ üçün isə bu proses növbəti sərt addımları legitimləşdirmək üçün strateji bir gediş idi:

"Müharibə dövründə qlobal iqtisadiyyatda, xüsusən neft daşımalarında yaranan problemlərə görə tənqid hədəfinə çevrilən Vaşinqton, atəşkəs təşəbbüsü ilə çıxış edərək sülhə meyilli tərəf obrazını yaratdı. Bununla da Amerika beynəlxalq ictimaiyyətə mesaj verdi ki, diplomatik həll yollarını sınaqdan keçirib və bundan sonra baş verəcək gərginliyə, o cümlədən Hörmüz boğazı ətrafındakı böhrana görə məsuliyyət artıq razılaşmadan imtina edən İranın üzərinə düşür".

Politoloq əlavə etdi ki, İslamabad görüşündən dərhal sonra Hörmüz boğazının blokadaya alınması tərəflərin yeni mərhələyə keçdiyini göstərir:

"Bu vəziyyət qlobal neft qiymətlərinin kəskin artmasına səbəb olsa da, ABŞ yaranmış iqtisadi fəsadlara görə günahı İranın üzərinə yıxmaqla diplomatik və siyasi manevr imkanı qazanıb. Lakin danışıqların uğursuzluğu genişmiqyaslı hərbi əməliyyatların mütləq şəkildə davam edəcəyi anlamına gəlmir. Amerikanın hava zərbələri nəticəsində İranın hərbi infrastrukturuna ciddi zərər vurulsa da, bu, rejim dəyişikliyi ilə nəticələnmədi və quru qoşunlarının müdaxiləsi hələ də qeyri-real görünür. Bundan sonra tərəflərin bir-birini daha çox iqtisadi və diplomatik rıçaqlarla sıxışdıracağı gözlənilir. ABŞ İranı masada geri addım atmağa məcbur etmək üçün iqtisadi mühasirəni kəskinləşdirəcək və Tehranla ticarət edən üçüncü ölkələrə təzyiqləri artıracaq. Yaxın perspektivdə tərəflər arasında razılığın əldə olunma ehtimalı aşağıdır; bu gərginlik Amerika geri çəkilməyəcəyi üçün İranın güzəştə getməsinə qədər davam edəcək".

Müsahibimizin fikrincə, növbəti mərhələdə diplomatik, iqtisadi və siyasi müstəvidə daha kəskin bir mübarizə dövrünün şahidi olacağıq.

Xədicə BAXIŞLI

Seçilən
33
1
redaktor.az

2Mənbələr