AZ

Ərdoğanın İsrail mesajı: Türkiyə hərbi əməliyyatlara girə bilərmi? - General Karauzdan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailə qarşı hərbi əməliyyatların mümkünlüyü ilə bağlı açıqlama verib və bu, bölgəyə qoşun göndərilməsi ehtimalını gündəmə gətirib.

O bildirib ki, İsrail tərəfindən Fələstin əhalisinin öz torpaqlarından çıxarılmasının qarşısını almaq üçün Türkiyə hərbi addımlar ata bilər.

Redaktor.az-a açıqlama verən Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi ki, Ərdoğanın son illərdə bir neçə kritik hadisədə istifadə etdiyi bu tip bəyanatlar müəyyən strateji hədəflərə xidmət edən "qırmızı xətt" mesajıdır.

Onun sözlərinə görə, bu tip mesajların üç əsas sütunu mövcuddur:

"İsrail və tərəfdaşlarına qarşı çəkindirmə yaratmaq, İslam dünyasında Türkiyənin liderlik iddiasını möhkəmləndirmək və diplomatik masa arxasında təzyiq imkanı əldə etmək. Türkiyə bu yolla göstərir ki, "qırmızı xətlər" aşılacağı təqdirdə passiv müşahidəçi statusunda qalmayacaq. Buna baxmayaraq, realist yanaşdıqda hal-hazırda Türkiyə və İsrail arasında birbaşa hərbi müharibə ehtimalı olduqca aşağı hesab olunur. Bu reallığın arxasında bir neçə ciddi faktor dayanır:

Birincisi, Türkiyənin NATO üzvü olması belə bir müharibənin ittifaq daxilində ciddi parçalanma yaradacağı riskini doğurur. İkincisi, İsrailin əsas təhlükəsizlik təminatçısı olan ABŞ faktoru Türkiyə üçün birbaşa hərbi müdaxiləni Vaşinqtonla riskli bir qarşıdurma müstəvisinə daşıyır. Üçüncüsü isə coğrafi reallıqdır; Türkiyənin İsrailə birbaşa quru çıxışının olmaması hər hansı əməliyyatın yalnız hava, dəniz və ya üçüncü ölkələr üzərindən aparılmasını tələb edir ki, bu da prosesi həm mürəkkəbləşdirir, həm də eskalasiyaya çox açıq edir".

General əlavə etdi ki, real ssenarilər isə birbaşa hücumdan çox, dolayı və hibrid müdaxilələri əhatə edir:

"Türkiyə Qəzza və Fələstinə kəşfiyyat, logistika və dron texnologiyaları ilə dəstək verə bilər, həmçinin Misir, Livan kimi bölgələrdə "humanitar qoruma qüvvəsi" və ya sülhməramlı formatda yerləşə bilər. Şərqi Aralıq dənizində donanma yerləşdirilməsi isə psixoloji və strateji təzyiq aləti kimi istifadə oluna bilər. Bu hərbi elementlərlə yanaşı, İsrailə qarşı ticarət məhdudiyyətlərin olmasını, beynəlxalq platformalarda diplomatik təzyiqlərin artırılması da gözlənilən addımlardır".

Onun fikrincə, Türkiyənin real hərbi addım atma ehtimalı yalnız müəyyən kritik şərtlər daxilində kəskinləşə bilər.

"Bura fələstinlilərin kütləvi deportasiyası, Qəzzada tam humanitar çöküş, Əl-Əqsa məscidi ilə bağlı ekstremal hadisələr və ya Türkiyə vətəndaşlarına, obyektlərinə birbaşa zərbə endirilməsi kimi hallar daxildir. Yekun strateji nəticə olaraq demək olar ki, hazırkı mərhələdə Türkiyə birbaşa müharibədən çox, siyasi ritorika və çəkindirməyə üstünlük verir, eyni zamanda dolayı müdaxilə vasitələri ilə öz təsirini hiss etdirir", - deyə Yücel Karauz bildirdi.

Xədicə BAXIŞLI

Seçilən
22
1
redaktor.az

2Mənbələr