AZ

Politoloq: Azərbaycan qitədaxili kommunikasiyaların effektiv amili qismində çıxış edir

Bakı, 14 aprel, AZƏRTAC

Son dövrdə baş verən hadisələr dünyanın müharibələrin başladığı, lakin heç vaxt bitmədiyi uzunmüddətli münaqişələr mərhələsinə getdikcə daha çox qədəm qoyduğunu göstərir. Bu, təbii ki, həmin müharibələrin aparıldığı regionlarda və bütövlükdə dünyada iqtisadi və siyasi proseslərə mənfi təsir göstərir. Müxtəlif ölkələr bu şərtlərə uyğunlaşmaq məcburiyyətində qalır. Burada iki variant var: birincisi, bu münaqişələrə birbaşa cəlb olunmaq, onların iştirakçısına çevrilmək. Təəssüf ki, bu münaqişələrin digər regionlara və ölkələrə yayılması ehtimalı da var ki, bu da hazırda ən təhlükəli tendensiyadır. Digər variant isə münaqişələrdən mümkün qədər uzaqlaşmaq, beynəlxalq və regional təhlükəsizlik sistemlərində sabitləşdirici element kimi çıxış edən bir dövlətə çevrilməkdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında azərbaycanlı politoloq İlqar Vəlizadə regiondakı geosiyasi vəziyyət və onun Azərbaycan üçün yaratdığı əsas risklər və imkanlar barədə danışarkən bildirib.

Onun fikrincə, Azərbaycan ikinci yolu seçib: münaqişələrə qarışmamağa çalışır. Əlbəttə ki, bu, çox çətindir.

“Qlobal münaqişələrin iki fəal iştirakçısı - Rusiya və İranla həmsərhəd olduğu üçün Azərbaycan unikal mövqeyə malikdir. Belə bir şəraitdə münaqişələrdən qaçmaq və bu qarşıdurmadan uzaq durmaq əlbəttə ki, böyük bacarıq və əhəmiyyətli geosiyasi, iqtisadi və diplomatik resurslar tələb edir. Azərbaycan məhz bu qabiliyyəti nümayiş etdirir”, -deyə politoloq bildirib.

O qeyd edib ki, bu, həm açıq təhdidlər, həm də imkanlar yaradır: “Son onilliklərdə Azərbaycan hökumətinin yürütdüyü siyasətin bu gün yeganə düzgün və alternativi olmayan kurs olduğunu nümayiş etdirmək üçün ölkəmizin unikal şansı var. Lakin illər ərzində Azərbaycanın müxtəlif münaqişəli düşərgələrə cəlb olunacağı proqnozlarını xatırlatmaq heç də çətin deyil. Bizə deyilirdi ki, Azərbaycanın başqa seçimi yoxdur. O, ya Avro-Atlantik blokunu, ya Rusiyanı, ya da Moskvanın əsas mövqeyə malik olduğu bu və ya digər formasiyaları və strukturları seçməlidir”.

Lakin Azərbaycan bu yoldan imtina etdi. Üstəlik, Qoşulmama Hərəkatında fəal iştirakçı oldu, onun liderliyini öz üzərinə götürdü və bu hərəkatı dəyişdirməyə çalışdı, bununla da qlobal münaqişələrdə iştirak etməyən dövlətlərin mövqeyini gücləndirdi. Təbii ki, bu, bir çox dövlət üçün münaqişədə iştirak etməməyin ölkənin uzunmüddətli maraqlarının təmin olunması baxımından ən vacib şərt olduğuna dair olduqca vacib nümunə oldu”.

İ. Vəlizadənin sözlərinə görə, praktik nöqteyi-nəzərdən Azərbaycan hazırda Şərq-Qərb və Şimal-Cənub xətləri boyunca nəqliyyat və logistika əlaqələrini təmin edən ən təsirli qitədaxili dəhlizdir. Ölkəmiz hər iki istiqamətdə bu qitədaxili əlaqələrdə sabit, proqnozlaşdırıla bilən və effektiv bir əlaqələndirici rolunu oynayır. “Hazırda Avrasiya qitəsinin mərkəzi hissəsindən keçən və Avropa ilə Çini birləşdirən çoxlu marşrut yoxdur. Rusiyanı quru yolu ilə Hind okeanı ölkələri ilə birləşdirən marşrutların sayı da azdır. Hər iki halda Azərbaycan tranzit əlaqəsi, geosiyasi və geoiqtisadi benefisiar qismində çıxış edir. Bu, Azərbaycanın həm öz regional xəritəsində, həm də daha geniş coğrafiyada dayanıqlığını təmin edir. Bundan əlavə, Azərbaycan bu geosiyasətin formalaşmasında iştirak etmək imkanı qazanır. Bu, çox vacibdir. Azərbaycan statik ölkə deyil. Azərbaycan kənar aktorlar tərəfindən manipulyasiya edilə bilən ölkə də deyil. Bu gün görürük ki, Azərbaycanın yürütdüyü siyasətin regionumuzda faktiki olaraq alternativi yoxdur və bu, beynəlxalq qeyri-sabitlikdən irəli gələn riskləri və təhdidləri azaltmağa imkan verir. Azərbaycan hazırda alternativ təchizat zəncirlərinin inkişafında fəal iştirakçıdır və bu, müxtəlif güc mərkəzləri arasında kommunikasiyaların, geosiyasi və geoiqtisadi əlaqələrin pozulması fonunda çox vacibdir. Buna görə də, belə bir şəraitdə Azərbaycanın təsiri yalnız artacaq”, deyə politoloq qeyd edib.

O əlavə edib ki, hər kəs bütün bu münaqişələrin və müharibələrin bitməsini istərdi. “Çünki ətrafımızda bu cür dəhşətli, fəlakətli proseslər cərəyan edərkən, sakit yaşamaq mümkün deyil. Belə olan şəraitdə Azərbaycan həmişə vasitəçi, müxtəlif münaqişə tərəflərinin görüşüb danışıqlar apara biləcəyi bir platforma kimi çıxış etməyə çalışıb. Bu kontekstdə Azərbaycan diplomatiyası da son zamanlar kifayət qədər effektiv olduğunu sübut edib və bu, həm də ölkəmiz üçün yeni imkanlar açır. Hazırkı vəziyyət ciddi risklərlə xarakterizə olunur, amma buna baxmayaraq, bir çox fürsətlər də təqdim edir. Azərbaycan üçün ən vacib olan bu imkanlardan istifadə etmək, geosiyasi təlatümlər şəraitində öz maraqlarını təmin edərək ölkənin regional və beynəlxalq siyasətdə sabit, proqnozlaşdırıla bilən və effektiv iştirakçı olaraq qalmasına nail olmaqdır” , - deyə İlqar Vəlizadə sözlərini yekunlaşdırıb.

Müəllif – Leyla Muradzadə

Seçilən
0
1
azertag.az

2Mənbələr