AZ

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ: Qiymətlər BELƏ OLACAQ

Son dövrlərdə qlobal bazarlarda qiymətli metalların dinamikasında müəyyən eniş tendensiyası müşahidə olunur. Xüsusilə, COMEX birjasında qızıl və gümüş fyuçerslərinin ucuzlaşması investorların diqqətini cəlb edib. Belə ki, qızılın bir troya unsiyası üzrə fyuçerslərin qiyməti 0,93% geriləyib. Bu fonda sual yaranır: yaxın aylarda qızıl yenidən bahalaşa bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, qızılın qiymətində baş verən qısamüddətli enişlər ümumi tendensiyanı dəyişmir.

Əkrəm

Ekspertin sözlərinə görə, uzunmüddətli perspektivdə qızılın qiyməti artım meyli göstərir:

“Bir müddət qiymət düşə bilər, lakin bu, ümumi mənzərəni dəyişmir. Son illərin statistikasına baxsaq, hər ilin yekununda qızılın qiymətində artım müşahidə olunur”.

Ə.Həsənov qeyd edib ki, əslində qızılın bahalaşması nisbi xarakter daşıyır:

“Qızılın qiyməti qalxmır, əksinə, kağız pullar dəyər itirir. Dövlətlər artan xərclərini qarşılamaq üçün davamlı olaraq pul emissiyası həyata keçirirlər. Bu isə valyutaların alıcılıq qabiliyyətini aşağı salır”.

Ekspert əlavə edib ki, qızılın fiziki həcmi məhdud olduğu üçün onun qiymətində kəskin və ani sıçrayışlar baş vermir, lakin zamanla sabit artım tendensiyası qorunur.

Beləliklə, qısamüddətli dalğalanmalara baxmayaraq, mövcud qlobal iqtisadi şərait və pul siyasəti fonunda qızılın yaxın aylarda yenidən bahalaşması ehtimalı kifayət qədər real qiymətləndirilir.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
35
konkret.az

1Mənbələr