AZ

İyulda AQEM çərçivəsində beynəlxalq sərgi və tədbirlərin keçirilməsi planlaşdırılır

İyulda AQEM çərçivəsində beynəlxalq sərgi və tədbirlərin keçirilməsi planlaşdırılır.
Bunu Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Baş katibi Kayrat Sarıbay anews.az-ın sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, AQEM platformasında qadınlar və gənclər üzrə komissiyalar, eləcə də ekspert və analitik qruplar fəaliyyət göstərir. 

Bu platformalar vasitəsilə münaqişələrin sülh yolu ilə həlli, dialoqun genişləndirilməsi və qarşılıqlı etimadın artırılması istiqamətində müzakirələr aparılır.

Sarıbay qeyd edib ki, təşkilatın fəaliyyəti hərbi-siyasi, iqtisadi, ekoloji və humanitar ölçüləri əhatə edir. Bu çərçivədə hüquq-mühafizə orqanları və xüsusi xidmət strukturları transmilli cinayətkarlıqla mübarizə sahəsində təcrübə mübadiləsi həyata keçirir.

Baş katib əlavə edib ki, informasiya və kommunikasiya texnologiyalarının təhlükəsiz istifadəsi, eləcə də onların səhiyyə sahəsində tətbiqi üzrə təşəbbüslər AQEM-in prioritet istiqamətləri sırasındadır.

O bildirib ki, könüllülərin iştirakı ilə fəaliyyət göstərən platformalar çərçivəsində də təcrübə mübadiləsi aparılır və beynəlxalq əməkdaşlıq genişləndirilir. 

Sarıbay vurğulayıb ki, təşkilat BMT-nin qlobal terrorizmlə mübarizə strategiyasına uyğun fəaliyyət planı hazırlayıb və bu plan çərçivəsində konkret addımların həyata keçirilməsi nəzərdə tutulur.

“Enerji və ərzaq təhlükəsizliyi daxil olmaqla bütün sahələrdə təhlükəsizlik məsələləri bir-biri ilə sıx bağlıdır. Bu elementlər birlikdə sülh mühitinin formalaşmasına xidmət edir. Əsas məqsəd tərəflər arasında dialoqu təmin etmək və mövcud münaqişələri sülh yolu ilə həll etməkdir”, —  o əlavə edib.

Gülnar Nazimqızı

Seçilən
3
anews.az

1Mənbələr