AZ

Ukrayna HHM sahəsində liderə çevrilir: Fars körfəzi ölkələri Kiyevlə əməkdaşlığı genişləndirir

ain.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Döyüş şəraitində əldə etdiyi praktik təcrübə Ukraynanı müasir hava hücumundan müdafiə (HHM) sahəsində ən dəyərli tərəfdaşlardan birinə çevirib.

Qaynarinfo-nun "The Economist"ə istinadən məlumatına görə, Fars körfəzi ölkələri İran tərəfindən gələn təhdidlər fonunda Kiyevlə əməkdaşlığı genişləndirir.

Məlumata əsasən, Ukrayna artıq Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirlikləri ilə uzunmüddətli təhlükəsizlik razılaşmaları imzalayıb. Bu əməkdaşlıq çərçivəsində Kiyev xüsusilə İran istehsalı "Şahed” tipli pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi üzrə topladığı təcrübəni tərəfdaşlarla bölüşür.

Ekspert Tom Uoldvin bildirir ki, Ukrayna müxtəlif təhdidlərə qarşı uyğun HHM vasitələrini seçmək və onları effektiv şəkildə kombinasiya etmək bacarığı əldə edib. Onun sözlərinə görə, "düzgün hədəfin düzgün vasitə ilə vurulması” prinsipi bu uğurun əsasını təşkil edir.

Ukrayna texnologiyalarının əsas üstünlüklərindən biri də onların nisbətən ucuz olmasıdır. Belə ki, istifadə olunan dron-tutucular Patriot kimi bahalı raket sistemlərindən dəfələrlə ucuzdur. Bu isə ucuz pilotsuz aparatlara qarşı bahalı silahların istifadəsi problemini aradan qaldırmağa imkan verir.

Almaniya Müdafiə Nazirliyinin keçmiş aparat rəhbəri Niko Lange qeyd edib ki, Ukraynanın təklif etdiyi həllər regionda dərhal effektiv nəticə verib. Ukrayna Prezidenti Volodimir Zelenski isə bu sistemlərin artıq bir sıra Fars körfəzi ölkələrində tətbiq olunduğunu təsdiqləyib.

Analitik İqor Semivolos hesab edir ki, bu razılaşmalar Ukraynanın beynəlxalq rolunu dəyişərək onu yardım alan ölkədən təhlükəsizlik təminatçısına çevirir. Keçmiş müdafiə naziri Andrey Zaqorodnyuk da vurğulayıb ki, əsas məqsəd Ukraynanın etibarlı tərəfdaş kimi qəbul olunmasıdır.

Bununla yanaşı, Qərb hərbi-sənaye kompleksində Ukrayna texnologiyalarına münasibət birmənalı deyil. "Rheinmetall" şirkətinin rəhbəri Armin Papperger bu texnologiyaları daha əvvəl "Lego oyunu” ilə müqayisə etsə də, sonradan şirkət açıqlamasına görə üzr istəməyə məcbur qalıb.

ABŞ-ın keçmiş prezidenti Donald Tramp isə bildirib ki, Vaşinqtonun dronlarla mübarizə sahəsində Ukraynanın köməyinə ehtiyacı yoxdur. Buna baxmayaraq, Fars körfəzi ölkələri praktik döyüş təcrübəsinə üstünlük verərək Kiyevlə əməkdaşlığı genişləndirir.

Qeyd edək ki, son aylarda Ukraynanın HHM sistemi Rusiyanın artan hücumları fonunda effektivliyini əhəmiyyətli dərəcədə artırıb. Analitiklər aprelin 3-də baş verən hücumu buna nümunə göstərirlər. Həmin gün Rusiya tərəfindən 579 raket və dron buraxılıb. Bildirilir ki, bu, ən böyük hücum olmasa da, kifayət qədər ciddi sayılır və Rusiya ordusunun sutka ərzində 1000-ə qədər hava hücum vasitəsi tətbiq etmək potensialına malik olduğu vurğulanır.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
qaynarinfo.az

1Mənbələr