AZ

"Kolleclərə qəbul üçün ayrıca imtahan mexanizmi yaradılmalıdır" - EKSPERT DANIŞDI

"Artıq 9-cu siniflər üzrə keçirilən buraxılış imtahanlarının iki zonası başa çatıb. Hər iki zonada ümumi rəyə əsasən, ingilis dili nisbətən asan, Azərbaycan dili orta səviyyədə, riyaziyyat isə çətin hesab olunub. Bu fikirlər həm müəllimlər, həm də ictimaiyyət tərəfindən səsləndirilir".

Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.

O bildirib ki, buraxılış imtahanlarının çətin olmasının tərəfdarı deyiləm: "Hətta daha geniş baxsaq, 9-cu siniflər üçün buraxılış imtahanının keçirilməsini də zəruri hesab etmirəm. Bunun səbəbi ondan ibarətdir ki, beynəlxalq təcrübədə mərkəzləşdirilmiş imtahanlar əsasən bir təhsil pilləsindən digərinə keçid zamanı tətbiq olunur.

Məsələn, Türkiyə modelində şagirdlər 9-cu sinifə qədər bir mərhələni tamamlayır və daha sonra növbəti - lisey mərhələsinə keçid üçün imtahan verirlər. Bu halda imtahanın məntiqi aydındır. Lakin Azərbaycanda 9-cu sinifdən sonra yeni təhsil pilləsi başlamır. Şagirdlər sadəcə növbəti sinfə - 10-cu sinfə keçirlər. Bu baxımdan, ümumi buraxılış imtahanının keçirilməsi sual doğurur.

Əgər məqsəd kolleclərə qəbuldursa, bu halda yalnız kollecdə oxumaq istəyənlər üçün ayrıca imtahan təşkil oluna bilər. Bütün şagirdlərin eyni imtahana cəlb olunması isə məqsədəuyğun deyil.

Digər mühüm məqam isə imtahan suallarının çətinlik səviyyəsidir. Mən hesab edirəm ki, buraxılış imtahanları şagirdin biliyini ölçməlidir, onu çaşdırmaq və ya çətin vəziyyətə salmaq məqsədi daşımamalıdır. Çətin və aldatıcı suallar yalnız narazılıq yaradır və təhsilin keyfiyyətinə müsbət təsir göstərmir.

Xüsusilə nəzərə almalıyıq ki, bütün şagirdlər eyni şəraitdə təhsil almır. Regionlarda, dağ kəndlərində təhsil alan şagirdlərlə Bakı şəhərində oxuyan şagirdlərin imkanları eyni deyil. Bu fərqlər nəzərə alınmadan çətin imtahanların tətbiqi ədalətli hesab oluna bilməz.

Eyni fikirləri 11-ci sinif buraxılış imtahanlarına da aid etmək olar. Buraxılış imtahanı sadəcə attestat qiymətlərinə təsir edən bir mərhələdir və onun həddindən artıq çətinləşdirilməsi məqsədəuyğun deyil.

Ümumilikdə, dünya təcrübəsində universitetə qəbul daha əlçatan edilir, lakin ali təhsilin özü daha tələbkar olur. Bizdə isə əksinə, qəbul prosesi çətin, təhsil prosesi isə nisbətən asandır. Bu yanaşmanın dəyişdirilməsinə ehtiyac var.

Hesab edirəm ki, 9-cu sinif buraxılış imtahanı ya ləğv olunmalı, ya da yalnız müəyyən məqsədlər üçün tətbiq edilməlidir. Keçiriləcəksə, imtahan sualları normal, balanslı səviyyədə olmalıdır. Suallar şagirdin biliyini yoxlamalı, onu çaşdırmamalıdır".

Müəllif: Günel Fərzəliyeva
Seçilən
14
1
sia.az

2Mənbələr