ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.
Ramiz Həsənoğlunun 80 illik yubileyinə kiçik toxunuş"Qatarda", "Ac həriflər", "Fatehlərin divanı", "Kamança", "Kökdən düşmüş piano", "Topal Teymur", "Evləri köndələn yar"...
Janrlar, mövzular, zamanlar, quruluşlar çox fərqlənir. Ancaq bu sadaladığımız teletamaşaların hamısı bir şəxsiyyətin yaradıcılıq "emalatxana"sından çıxıb; eyni ünvanda birləşir, cəmləşir. Bu ünvan isə tanınmış, talantlı rejissor Ramiz Həsənoğludur.
Özü iki böyük sənətkarın - Həsənağa Mirzəyevin və Ətayə Əliyevanın ailəsində böyümüş Ramiz Həsənoğlu həyatda və xüsusilə sənətdə böyüdükcə, ailəsinin də adını, şöhrətini böyüdüb. Açıq desək, Ramiz Həsənoğlu sənətdə öz ata-anasından daha çox tanınır. Bax, elə bunun özü sənətkar cütlüyün - ata-ananın öz məqsədlərinə çatdıqlarını deməyə əsas verir.
Bir az əvvəl xalq artisti, əməkdar incəsənət xadimi Ramiz Həsənoğlunun quruluş verdiyi televiziya tamaşalarının adlarını sadaladıq. Bu tamaşalardan hər hansı biri - təkcə biri belə Ramiz Həsənoğlunun yüksək sənətin gerçək sənətkarı olduğunu deməyə əsas verir. Belə deyək: Yusif Səmədoğluna ədəbiyyat tarixində qalmaq, sevilmək üçün təkcə "Bayatı-Şiraz" hekayəsi də bəs edərdi. Yusif Vəliyev "Nəsimi" filmindəki "Əmir Teymur" rolundan başqa heç nə oynamasaydı belə, bu, ona bəs edərdi... Ramiz Həsənoğlunun da istənilən bir teletamaşasını götürüb deyə bilərik: "Elə bu da bəs edir".
Ancaq, yox, sənətkarın özünə bəs etmir; yaşanmış illər də hələ bəs etmir, görülən işlər də. Ramiz Həsənoğlunun artıq 80 illik yubileyi də oldu, keçdi. Ancaq sənətin tarixi, sənətkar ömrü üçün səksən il azdır, az...
Çünki sənətkarın hələ demək istədikləri, çəkmək quruluş vermək istədikləri, əminəm, hələ çoxdur. Ona görə də uzun yaşasın və çox yaratsın!
Yubilyarı kollektivimiz adından təbrik edirəm! Sənətkara möhkəm sağlamlıq və uzun ömür arzulayırıq.
Yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi, bizimyol. info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.