AZ

Neft qiymətlərinin yüksək volatilliyi uzunmüddətli iqtisadi sabitlik baxımından risk olaraq qalır ŞƏRH

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 14 aprel, AZƏRTAC

İran və ABŞ arasında danışıqların nəticəsiz qalması qlobal enerji bazarlarında risklərin artdığını göstərən mühüm siqnaldır. Mövcud geosiyasi gərginlik neft bazarında əsasən “risk premium”un yüksəlməsi ilə özünü göstərir. Yəni bazar iştirakçıları potensial təchizat pozuntularını əvvəlcədən qiymətlərə daxil etməyə başlayırlar.

Bu fikirləri AZƏRTAC-a açıqlaması zamanı iqtisadçı-ekspert, beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov bildirib.

Onun sözlərinə görə, xüsusilə Hörmüz boğazı ətrafında gərginliyin artması dünya neft tədarükünün əhəmiyyətli hissəsinin təhlükə altına düşməsi deməkdir.

“Bu isə qısamüddətli dövrdə neft qiymətlərinin artımını stimullaşdıran əsas faktorlardan biridir. Hazırkı mərhələdə qiymətlərin yüksəlməsi fundamental təklif azalmasından çox, məhz geosiyasi qeyri-müəyyənliklə bağlıdır. Bununla belə, qeyd etmək lazımdır ki, bu tip artımlar adətən uzunmüddətli olmur. Əgər təchizatda ciddi fasilələr baş verməzsə, zaman keçdikcə bazar tarazlaşmağa meyilli olur. Digər tərəfdən, yüksək qiymətlər qlobal iqtisadi aktivliyi zəiflədə, enerji tələbatını azalda və nəticə etibarilə qiymətlərin yenidən aşağı enməsinə gətirib çıxara bilər”, - deyə Asif İbrahimov vurğulayıb.

İqtisadçı-ekspert qeyd edib ki, Azərbaycan iqtisadiyyatı üçün mövcud vəziyyət qısamüddətli dövrdə müəyyən fiskal üstünlüklər yaradır: “Neft gəlirlərinin artması dövlət büdcəsinə əlavə vəsait daxilolmalarını təmin edə bilər. Lakin neft qiymətlərinin yüksək volatilliyi uzunmüddətli iqtisadi sabitlik baxımından risk olaraq qalır. Bu səbəbdən qeyri-neft sektorunun inkişafının prioritet kimi saxlanılması zəruridir. Yekun olaraq bildirmək olar ki, İran–ABŞ münasibətlərində gərginliyin davam etməsi neft qiymətlərinin artım ehtimalını yüksəldir. Bununla belə, bu artımın davamlılığı birbaşa geosiyasi proseslərin dinamikası və qlobal bazarın adaptasiya qabiliyyətindən asılı olacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
azertag.az

10Mənbələr