AZ

Rəis və sabiq icra məmuru külli miqdarda alimenti mənimsəyib

Rəis və sabiq icra məmuru külli miqdarda alimenti mənimsəyib

Aliment və borc işləri üzrə vəsaitləri mənimsəməkdə təqsirləndirilən vəzifəli şəxslər barəsində cinayət işi məhkəməyə göndərilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin rəisi Elxan Abbasov və sabiq icra məmuru Səbuhi Hüseynovun qanunsuz əməlləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq tamamlanıb.

İbtidai istintaqla müəyyən edilib ki, Elxan Abbasov və Səbuhi Hüseynov 2021-2025-ci illər ərzində öz qulluq mövqelərindən istifadə edərək, borc və aliment tələbi ilə bağlı şöbəyə daxil olmuş icra işləri üzrə vətəndaşlardan tələbkarlara ödəmək adı ilə aldıqları külli miqdarda pul vəsaitini dələduzluq yolu ilə ələ keçiriblər. Həmçinin onların rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı törətmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında hər iki şəxsə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib. Səbuhi Hüseynov barəsində polisin nəzarəti altına vermə, Elxan Abbasov barəsində isə polisin nəzarəti altına vermə və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri seçilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın böyük hissəsinin ödənilməsi təmin edilib. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Seçilən
12
40
afn.az

10Mənbələr