ain.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.
Məlum olduğu kimi, dünən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirə olunub.
Komitənin üzvü, deputat Vüqar Bayramov bu haqda paylaşım edib. Məlum olub ki, aşkar edilmiş qanunsuzluqlar əarasında büdcə qanunvericiliyinin pozulması 51,6 faiz olub. 2024-cü ildə bu rəqəm 45.1 faiz imiş. Artım 6,5 faizdir. Deməli, 2025-ci ildə büdcədən mənimsəmələr daha da artıb. Büdcəyə dəyən zərərin məbləği ötən il 50 faizdən çox artaraq, 170,4 milyon manat olub.
Bu qədər rəqəmsallaşmaya, elektron nəzarət sistemlərinin işə salınmasına baxmayaraq, dövlət büdcəsinə qarşı cinayət xarakterli əməllər, büdcə vəsaitlərinin öz təyinatlarından yayındırılması, mənimsənilməsi artır. Bunu Hesablama Palatasının ortaya çıxardığı qanunsuzluq faktları da təsdiq edir. Bir yandan büdcənin doldurulması üçün cərimələr və başqa məcburi ödənişlər artırılır, o biri yandan isə, büdcə vəsaitlərinin mənimsənilməsi - büdcə korrupsiyası sürətlə çoxalır.
Hesabata diqqət etdikdə görmək olur ki, əgər 2024-cü ildə cinayət yolu ilə 8,7 milyon manat məbləğində büdcə vəsaiti cinayət yolu ilə öz təyinatından yayındırılaraq, talanmışdısa, 2025-ci ildə bu rəqəm 40,3 milyon manat olub. Deməli, dövlət büdcəsinin vəsaitlərinə qarşı törədilmiş cinayət əməllərinin ümumi həcmi nə az, nə çox, düz 4,6 dəfə (!) artıb.
Bu, prokurorluq orqanlarının da iş yükünü dəfələrlə artırmaq deməkdir. Nəticədə məlum olur ki, dövlətə dəymiş bütün maddi zərər heç də tam ödənilmir. Bu, əvvəlki təcrübədən də məlumdur: mənimsəmə hallarına görə adamlar həbs olunur, bəzən onlar mənimsədikləri vəsaiyi büdcəyə geri ödəyə bilmirlər, ya da ödəmək istəmirlər. Korrupsioner məmur illərlə milyonları büdcədən yayındırıbsa, ya öz əvəzinə hansısa bir adamını -işçisini həbsxanaya göndərir, ya da vəsaitin kiçik bir hissəsini həbsxanada xərcləməklə, orada 3-5 il rahat yaşayır,eyni qayda ilə xəstəlik adı ilə, yaxud başqa yollarla azadlığa çıxıb büdcədən oğurlanmış pulla biznesini qurub, zəngin və firavan həyat sürür. Ona görə də dövlətdə yüksək, yaxud orta vəzifələrdə işləyənlərin çoxu istefaya göndəriləndə, sanki azadlığa çıxmış kimi hiss edirlər. Yığdıqlarının bir hissəsini "lazımi" instansiyalarla paylaşıb, arxayın ömür sürürlər. Bu yaramaz-yarıtmaz sistem var olduqca, ölkə inkişaf etməyəcək, büdcə talanacaq, korrupsiya daha da çiçəklənəcək, ölkə daha böyük zərər görəcək.
Yeri gəlmişkən, bu il ölkə iqtisadiyyatı 0,3 faiz kiçilib. Bu, ilk baxışdan kiçik görünsə də, əslində çox ciddi siqnaldır; böyük rəqəmdir. Qonşu ölkələrdə iqtisadiyyat böyüyürsə, Azərbaycanda isə əksinə geriləyirsə, deməli, bunun səbəbləri və səbəbkarları var. Tendensiya təhlükədən xəbər verir. Odur ki, üzərində düşünməyə dəyər.
Seyid Əhmədli, bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.