ain.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 14 aprel, AZƏRTAC
İslamabadda ABŞ ilə danışıqlarda İran uranın zənginləşdirilməsini beş ilə qədər dayandırmağı təklif edib.
AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti İran və ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Qəzet qeyd edir ki, Tehran fevral ayında Cenevrədə keçirilən danışıqlarda da oxşar təklif irəli sürüb və bundan sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı əməliyyat başlatmaq qərarına gəlib. Pakistanda keçirilən görüşdə ABŞ İrana uranın zənginləşdirilməsinə 20 illik moratorium təklif edib.
Qəzetin fikrincə, nüvə proqramının dayandırılması müddətinin müzakirəsi tərəflərin razılığa gəlmək şansının olduğunu göstərir. Ağ Ev rəsmiləri bildiriblər ki, hələlik konkret razılaşmalar əldə olunmasa da, danışıqların yeni mərhələsi müzakirə olunur.
Bundan əvvəl “Axios” xəbər verib ki, Tehran danışıqlar zamanı uranın zənginləşdirilməsinin 10 ildən az müddətə dondurulmasını tələb edən təşəbbüs irəli sürüb.
Aprelin 11-də İran və ABŞ Pakistanın paytaxtı İslamabadda bir neçə mərhələdə danışıqlar keçirib. İran nümayəndə heyətinə parlamentin sədri Məhəmməd Bağır Qalibaf, Amerika nümayəndə heyətinə isə vitse-prezident Cey. Di. Vens rəhbərlik edirdi. Daha sonra hər iki tərəf bir sıra fikir ayrılıqları səbəbindən münaqişənin uzunmüddətli həlli ilə bağlı razılığa gələ bilmədiklərini bildirib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.