Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun bildirib ki, Çin Hörmüz boğazında normal gəmiçiliyin bərpasını tələb edir və ABŞ-nin mümkün blokada addımlarını məsuliyyətsiz hesab edir.
Redaktor.az xəbər verir ki, diplomat bu barədə brifinq zamanı açıqlama verib.
Onun sözlərinə görə, tərəflərin müvəqqəti atəşkəsə razılaşdığı bir şəraitdə ABŞ-nin hərbi fəaliyyətlərini genişləndirməsi və blokada əməliyyatları həyata keçirməsi yalnız gərginliyi artırır və vəziyyəti daha da kəskinləşdirir.
Çin tərəfi bəyan edib ki, boğazda təhlükəsiz və normal gəmiçiliyin təmin olunması üçün bütün tərəflər atəşkəsə əməl etməli və dialoq prosesinə üstünlük verməlidir.
Sözçü qeyd edib ki, ABŞ tərəfindən atılan addımlar onsuz da kövrək olan atəşkəsi poza bilər və beynəlxalq ticarətə ciddi zərər vura bilər.
Onun fikrincə, yalnız hərbi əməliyyatların tam dayandırılması regionda uzunmüddətli sülh üçün şərait yarada bilər.
Xatırladaq ki, İslamabadda keçirilən İran–ABŞ danışıqlarında İran nümayəndə heyətinə Məhəmməd Bağır Qalibaf, ABŞ tərəfinə isə C.D. Vens rəhbərlik edib. Danışıqlarda tərəflər bir sıra fikir ayrılıqlarına görə yekun razılığa gələ bilməyiblər.
Aminə ŞAHSUVARQIZI