8-12 aprel tarixlərində Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa Çempionatı Azərbaycan gimnastları üçün əlamətdar olub.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sıra kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı pillədə tamamlayıb.
Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarət heyətlərimiz final mərhələsinə vəsiqə qazanaraq tarixi nailiyyətə imza atıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutaraq yüksək nəticə göstərib.
Sinxron proqramlarda – ikili-mini batut üzrə gənclərdən ibarət komandamız finala yüksələrək Azərbaycan gimnastikası tarixində yeni səhifə açıb. Eyni zamanda, Ammar Baxşalıyev fərdi proqramda finalda mübarizə aparıb.
Tamblinq üzrə çıxışlar xüsusilə yaddaqalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.
Qabil YUSİFOĞLU
XQ